Ekonomiks 14:56 22.02.2024

İnstitutla nazirlik arasında cərimə qalmaqalı - Professor nədə ittiham edilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında qalmaqal yaranıb. 

Qaynarinfo xəbər verir ki, nazirlik institutu İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə cərimələyib. 

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 

Bu maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

İnstitut naziriliyin bu qərarı ilə razılaşmayaraq şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Şikayətə Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Rauf Daşdərmirovun icraatındadır. 

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Tibb elmləri doktoru, professor Adil Allahverdiyevdir. O, bu vəzifəyə 2020-ci ildə təyin edilib. Adil Allahverdiyev direktor vəzifəsinə həmin vaxt Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə təyinat alıb. 

Seyid