Siyasət 19:25 13.04.2023

İran-Azərbaycan münasibətləri: "Tələblər yerinə yetirilməsə..." (ŞƏRH)

"Fikrimcə, Hikmət Hacıyevlə görüş zamanı İran səfiri səfirlik nümayəndələrinin bundan sonra arzuolunmaz şəxs elan edilməsinin dayandırılmasını xahiş edib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi ilə görüşünü şərh edərkən deyib:
 
"Hazırda İranla Azərbaycan arasında müzakirə olunması bir-birindən vacib olan çoxsaylı məsələlər var. Bu məsələlərin müzakirəsi üçün də bir-iki deyil, bəlkə də onlarla belə görüşlər keçirilməlidir. İki ölkənin XİN rəhbərlərinin telefon danışığında, həmçinin Prezidentin köməkçisilə İran səfiri arasında görüşdə fikrimcə, gələcək əlaqələrin inkişafı barədə müəyyən fikir mübadiləsi aparılıb. 

İrandan əsas tələbimiz Tehrandakı səfirliyimizə hücum və onu kimin təşkil etməsilə bağlı istintaqın nəticələridir. Bakı şərt qoyub ki, məsələ öz həllini tapmayında, diplomatik münasibətlər də düzəlməyəcək. Yəni, tələblərimiz yerinə yetməsə, Tehrandakı səfirliyimiz fəaliyyətini bərpa etməyəcək. XİN rəsmilərinin telefon danışığında Tehrandakı Azərbayan səfirliyinin işinin bərpası ilə bağlı söhbətlər aparılıb. Prezident köməkçisilə İran səfiri arasında görüşdə isə səfirlik əməkdaşlarının persona non-qrata elan olunması ətrafında söhbətlər aparılıb”. 

Ekspert bu iki görüşün münasibətlərin gələcək inkişafında mühüm rol oynayacağını zənn etmir:
 
"Yaxın gələcəkdə münasibətlərin yumşaldılmasına yönəlik addımların atılacağını gözləmirəm. Çünki İran vəziyyəti gərginləşdirməkdə davam edir. Amma istənilən hada münasibətlərin gərginləşməsindənsə, söhbətlərin aparılması daha əhəmiyyətlidir”. 

Rüfət Sultan