Xəbər lenti

Dünya 19:06 19.01.2024

İran-Pakistan qarşıdurması: Tehran nədən ehtiyat edir edir? (ŞƏRH)

İranla Pakistan arasında 3 gün dava edən və bir-birinin ərazilərinə qarşılıqlı aviazərbələrlə müşayiət olunan qarşıdurma hələlik bitməyib. Yanvarın 15-də İranın Pakistan ərazisinə zərbələr endirməsi və yanvarın 18-də İslamabadın cavab zərbəsindən sonra əksəriyyət Tehranın növbəti addımının nə olacağını gözləyir. Amma nədənsə İran Pakistanın cavab zərbəsindən sonra susmağa üstünlük verib. 

Hətta Pakistanın addımının ardınca tərəflər bir-birinə jestlər də ediblər. Həmçinin, belə bir vəziyyətdə bir-birini qardaş adlandırmaqdan da çəkinməyiblər. Yaranmış vəziyyətdə İran tərəfindən növbəti zərbənin gəlməməsi bir sıra amillərlə bağlı ola bilər. Ola bilsin ki, Tehran Pakistanın daha güclü aviazərbələrinə tuş gəldiyindən, növbəti addımı atmaqdan çəkinir. 

Məlum məsələdir ki, Pakistan İranla müqayisədə hərbi baxımdan daha güclüdür. Pakistanın nüvə silahına malik olması faktı burada hər şeyi deyir. Görünür, Tehran aviazərbələr prosesinin davam etdirilməsinin onun özünə baha başa gələcəyini anladığından artıq həmlələrini dayandırmalı olub. 

Başqa bir versiyaya görə isə hər iki tərəfin endirdiyi zərbələrdə məqsədləri heç də bir-birini zəiflətmək, bir-birilə savaşmaq olmayıb. Nəzərə alaq ki, həm İran, həm də Pakistan zərbələri bir-birinin ərazilərində olan terrorçu qruplaşmalara endirib. Görünür, hər iki ölkənin bu mənada endirdiyi zərbələr də dəqiq olduğundan, növbəti addımlara ehtiyac qalmayıb. Ona görə də bir çoxlarının istədiyi və gözlədiyinin əksinə olaraq, İran tərəfindən prosesin davamı gəlmir. 

Başqa bir tərəfdən, Tehran və İslamabad gözəl anlayır ki, onların bir-birilə toqquşması özlərindən daha çox kənar xarici qüvvələrin marağındadır. Bu isə bölgəyə kənar qüvvələrin müdaxiləsinə rəvac verə bilər ki, nə İran, nə də Pakistan indilikdə bunda maraqlı görünmürlər. Ona görə də artıq aviazərbələrə son qoymaq qərarına gəliblər. 
 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->