İsrail ordusu gecə keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilmiş İranın yüksək rütbəli hərbi məmurlarının siyahısını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, İsrail Müdafiə Ordusunun məlumatına görə, öldürülənlər arasında həqiqətən də ölkənin bütün hərbi birləşmələrinə rəhbərlik edən general-mayor Hüseyn Səlami də
var.
Onunla birlikdə aşağıdakı şəxslər də məhv edilib:
* İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Bağiri;
* İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməliyyat planlaşdırmasına cavabdeh olan "Xatəm əl-Ənbiya" Mərkəzi Komandanlıq Qərargahının komandanı general-mayor Qülaməli Rəşid;
* Uran zənginləşdirmə proqramının əsas fiqurlarından biri, İran Atom Enerjisi Təşkilatının sabiq rəhbəri və nüvə fizikası üzrə əsas alim Fereydun Abbasi-Dəvani;
* Lazer izotop ayırma sahəsində mütəxəssis, "Azad” İslam Universitetinin prezidenti Məhəmməd Mehdi Təhançi.
İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, əməliyyatın məqsədi İranın nüvə infrastrukturunu, ballistik raket istehsal edən zavodlarını və ölkənin hərbi potensialını sıradan çıxarmaqdır.
O, xəbərdarlıq edib ki, İranın nüvə proqramına qarşı əməliyyat uzun müddətli olacaq.
"Reuters” məlumat verir ki, İsrail Nətənzdəki zərbə ilə reaktor zalını və sentrifuqaların əksəriyyətini sıradan çıxarıb.
Bundan əlavə, İsrail generalı Dəfrin bildirib ki, gecə İrana endirilən ilk zərbələrdə İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox təyyarəsi iştirak edib. Onun sözlərinə görə, qırıcılar bu zərbələr zamanı 330-dan çox döyüş sursatı atıblar.
Xatırladaq ki, gecə saatlarında İsrail hərbi təyyarələri İranın nüvə proqramı ilə bağlı obyektlərinə zərbələr endirib. Bundan sonra bir neçə yüksək rütbəli hərbçinin və aparıcı nüvə aliminin məhv edildiyinə dair məlumatlar yayılıb. Lakin onların adları əvvəlcə dəqiq açıqlanmamışdı.
Eyni zamanda, İranın nüvə obyektləri ciddi zədələr alıb.
Alpər
Şərhlər