Dünya 10:37 15.07.2022

İsrail son bir ildə İranda keçirdiyi məxfi əməliyyatları təsdiqlədi

İsrailin milli təhlükəsizlik üzrə müşaviri Eyal Xolata cümə axşamı bu ölkənin ilk rəsmisi kimi İsrailin son bir ildə İranda keçirdiyi əməliyyatları təsdiqləyib.

Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.

İsrailin "Kanal 13"-nə müsahibə verən Eyal Xolata İsrailin son bir ildə dəfələrlə İranda əməliyyatlar apardığını bildirib.

ABŞ prezidenti Co Baydenlə Qüdsdə görüşdükdən sonra danışan İsrailin milli təhlükəsizlik müşaviri bu məsələyə aydınlıq gətirib: 

"Prezident Bayden həmişə diplomatik həllə üstünlük verdiyini, lakin başqa həll yolları olmadığı təqdirdə İrana qarşı hərbi güc tətbiq ediləcəyini bildirib. Mən ABŞ prezidentinin bunu dediyini eşitmişəm və onun məşhur kəlamlarından biri belədir: "Güclər blef etmir” - buna görə də buna ciddi yanaşmaq lazımdır”.

Eyal Xolata aydınlıq gətirib: "Amerikalılara fərqli düşündüyümüzü söyləməkdən, hətta İranda hərəkətə keçməkdən çəkinmirik. İsrail istədiyi kimi hərəkət edəcək. Biz son bir ildə İranda bir çox addımlar atmışıq və ABŞ bizi dəstəkləyir. Biz məntiq və məsuliyyətlə hərəkət edirik və hamı görür ki, bu, ABŞ prezidenti ilə İsrail arasındakı münasibətlərə xələl gətirmir”.

Bir neçə yüksək vəzifəli İsrail rəsmisi bir qədər əvvəl 2022-ci ildə İranda Mossad əməliyyatını adlarını açıqlamadan təsdiqləsələr və bəzi Amerika mənbələri də əməliyyatı İsraillə əlaqələndirsələr də, Eyal Xolat İsrailin İran torpaqlarında əməliyyatını açıq şəkildə təsdiqləyən ilk rəsmidir.

Qeyd edək ki, bu ilin iyununda İran hakimiyyətinin İsrailə aid etdiyi sui-qəsd dalğasında bir sıra nüvə rəsmiləri, aerokosmik proqram, dron proqramı ilə əlaqəli şəxslər və İİKK qüvvələri hədəfə alınıb.

Aydın