Xəbər lenti

İsveç millisinin rəsmisi
İdman 16:22 22.09.2023

İsveç millisinin rəsmisi "Neftçi" ilə müqavilə bağladı

Avropanın təcrübəli, tanınmış futbol funksionerlərindən biri, İsveç milli komandasının idman direktoru Yens Andersson "Neftçi” PFK ilə müqavilə bağlayıb.

Qaynarinfo xəbər verir ki, Andersson "Neftçi”də idman direktoru vəzifəsinə təyin olunub.
 
Bakı təmsilçisinin bununla bağlı açıqlaması belədir:

"50 yaşlı mütəxəssis buna qədər ölkəsinin "AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın "Hayduk Split” (2013), Danimarkanın "Aarhus” (2014-2016) kimi klublarında idman direktoru olaraq çalışıb. Təcrübəli mütəxəssis 2022-ci ildən İsveç millisində idman direktoru kimi fəaliyyət göstərib. Son müddət ərzində İsveçin bütün yaş qrupu üzrə milli komandalarında, həmçinin uğurlu çıxış edən qadınlardan ibarət milli komandada keçirilən islahatlarda Yens Andersson böyük pay sahibidir. "Neftçi”də idman direktoru vəzifəsinin Anderssona həvalə olunması qabaqcıl Avropa təcrübələrinə əsaslanan yeni struktur və sistem quruculuğu ilə bağlı klubun mövsümün əvvəlində bəyan etdiyi niyyətlərin ciddiliyini bir daha təsdiq edir. Klubun yaxın gələcək üçün strateji hədəflərindən biri Akademiyada keyfiyyətli və köklü dəyişikliklərin həyata keçirilməsi, gənc istedadların üzə çıxarılması, onların gələcək inkişafı və əsas komandaya düzgün cəlb edilməsi sisteminin təkmilləşdirilməsidir. Bu strateji hədəflərə, həmçinin səmərəli və uzunmüddətli transfer siyasətini planlaşdırmağa və həyata keçirməyə imkan verən inkişaf etmiş, geniş skautinq sisteminin qurulması da daxildir. Klubun bütün yaş qrupları üzrə komandalarına "Neftçi”nin vahid, unikal oyun fəlsəfəsini və idman etikasını aşılamaq vacib məqsəd kimi qarşıya qoyulub. Bununla yanaşı, həm bütövlükdə komandanın, həm də ayrı-ayrı oyunçuların, eyni zamanda, klubun potensial transfer perfomansının və digər zəruri taktiki göstəricilərinin təhlili üçün qabaqcıl və süni intellektə əsaslanan texnologiyaların tətbiqi də planlaşdırılır. Klubda aparılan islahatlar davam edir və yeni, köklü dəyişiklər gözlənilir. "Neftçi"dən verilən açıqlamaya görə, hazırkı idman direktoru vəzifəsində çalışan Zaur Əzizov klubda qalır və yeni həmkarı ilə bərabər klubun inkişafı üçün çalışmağa davam edəcək. Yens Andersson müqavilənin imzalanması üçün artıq Bakıdadır. Mütəxəssis işə dörd həftə sonra – İsveçdə – Federasiyadakı sənədləşmə işlərini yekunlaşdırdıqdan sonra başlayacaq".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->