Rusiya NATO ilə mümkün toqquşmaya hazırlığın yeni mərhələsini — "Sıfır Faza” adlı prosesi başladıb. Estoniya sərhədi yaxınlığında tanınma nişanları olmayan rus hərbçilərinin ("yaşıl adamcıqların”) aşkarlanması, gələcək mümkün müharibədən öncə informasiya-psixoloji zəminin yaradılmasına işarə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
10 oktyabr tarixində Estoniya hökuməti sərhəd yaxınlığında bir qrup silahlı şəxsin göründüyü barədə məlumatdan sonra həmin bölgədə yolu müvəqqəti bağlayıb. Estoniyanın Cənub Prefekturasının rəhbəri Meeelis Saarepuu bildirib ki, bunlar Rusiya sərhədçiləri deyil, baxmayaraq ki, Rusiya tərəfi hadisəni "planlı tədbir” adlandırıb.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna 12 oktyabrda qeyd edib ki, Rusiya hərbçiləri əvvəlkindən daha cəsarətli və açıq şəkildə fəaliyyət göstərirlər, lakin vəziyyəti "həddindən artıq gərgin” hesab etmir. Hökumət gələcəkdə bu yol sahəsini tamamilə bağlamağı və Rusiyadan yan keçən alternativ marşrutlar inşa etməyi planlaşdırır.
"Sıfır Faza” nədir?
Phase Zero ("Sıfır Faza”) — açıq hərbi əməliyyatlardan əvvəl informasiya və psixoloji mühitin hazırlanması mərhələsidir. Bu mərhələdə qarşı tərəf:
* gələcək addımlarını əsaslandırmaq üçün təbliğat və dezinformasiya yayır;
* hədəf ölkələrdə ictimai rəyə təsir göstərir;
* kiberhücumlar və iqtisadi təzyiqlər həyata keçirir;
* siyasi sistemləri sarsıdır və hakimiyyətə inamı zəiflədir.
Analitiklər xatırladırlar ki, Rusiya bu "Sıfır Faza”nı 2014 və 2022-ci illərdə Ukraynaya qarşı işğal öncəsi də tətbiq etmişdi — o zaman "rusdilli əhalinin sıxışdırılması” barədə yalanlar, kiberhücumlar və siyasi manipulyasiyalar geniş istifadə olunmuşdu.
ISW vurğulayır ki, bu, ilk dəfədir ki, "yaşıl adamcıqlar” NATO ölkəsi yaxınlığında — yəni Estoniya sərhədində müşahidə olunur. Bu hadisə, Rusiyanın mümkün müharibəyə hazırlığının yeni səviyyəyə keçdiyini göstərir.
Xatırladaq ki, 10 oktyabr axşamı, Estoniya-Rusiya sərhədində silahlı kişilərdən ibarət təxminən 10 nəfərlik bir dəstə müşahidə olunub. Bu səbəbdən Estoniya Polis və Sərhəd Mühafizəsi Departamenti ölkənin şərqində yerləşən "Saatseski botinka” adlı keçidi müvəqqəti bağlayıb.
İlkin məlumata görə, rus hərbçiləri elə estonların da istifadə etdiyi yolun ortasında dayanmış vəziyyətdə olublar.
Alpər
Şərhlər