"İnsan Hüquqları Aylığı" çərçivəsində iyunun 12-də Hüquq və İnsan Haqları İnstitutu Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün "Media və insan hüquqları” mövzusunda maarifləndirici sessiya təşkil edib.
Qaynarinfo xəbər verir ki, tədbirin məqsədi jurnalistlərin peşə fəaliyyətləri zamanı insan hüquqlarının qorunması sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri və etik davranış standartları barədə məlumatlılığını artırmaq olub.
Sessiyada çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə media nümayəndələrinin insan hüquqlarının təbliği və ictimai şüurun formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, insan hüquqlarına yanaşmanın mövcud vəziyyətini qiymətləndirmək məqsədilə İnstitut tərəfindən müxtəlif media resurslarında yayımlanan materialların mütəmadi təhlili və monitorinqi aparılır.
M.Quluzadənin sözlərinə görə, aparılan təhlillər media nümayəndələrinin insan hüquqları sahəsində bilik və peşəkar bacarıqlarının artdığını göstərsə də, bəzi xəbər materiallarında insan hüquqlarının qorunması və etik jurnalistika prinsiplərinin tətbiqi ilə bağlı əlavə diqqət tələb edən məqamlar hələ də müşahidə olunur. O qeyd edib ki, bu kimi halların aradan qaldırılması məqsədilə mütəmadi təlim və məlumatlandırma tədbirləri keçirilir.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə çıxışında insan hüquqlarının qorunması sahəsində medianın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. O bildirib ki, jurnalistlər informasiya hazırlayarkən və yayarkən insan hüquqlarına hörmət etməli, peşə etikası və qanunvericiliyin tələblərinə riayət etməli, bu prinsipləri fəaliyyətlərinin ayrılmaz hissəsi kimi daim diqqətdə saxlamalıdırlar.
Sessiya zamanı İnstitutun təlimçi-ekspertləri jurnalist fəaliyyətində daha çox rast gəlinən insan hüquqları pozuntuları və onların hüquqi nəticələri barədə ətraflı məlumat veriblər.
Tədbirdə təqsirsizlik prezumpsiyasının pozulması, şəxsi və ailə həyatına müdaxilə, fərdi məlumatların icazəsiz açıqlanması, uşaq hüquqlarının pozulması, ayrı-seçkilik və nifrət nitqini təşviq edən materialların yayılması, intihar xəbərlərinin hazırlanmasında etik qaydalara əməl olunmaması, eləcə də təhqir və böhtan xarakterli məlumatların yayımlanmasının yolverilməzliyi kimi məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd olunub ki, insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlər qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyət yaradır. Bu baxımdan media nümayəndələrinin peşə fəaliyyətində hüquqi normalara və etik prinsiplərə ciddi əməl etməsinin vacibliyi vurğulanıb.
Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, media fəaliyyətində insan hüquqlarına həssas yanaşmanın əhəmiyyəti və bu sahədə mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər