Xəbər lenti

Kəşfiyyatçı sandılar, 23 il həbsdə yatdı:
Dünya 17:30 10.06.2026

Kəşfiyyatçı sandılar, 23 il həbsdə yatdı: "Tarakan, pişik yedik, "bizi öldürün" deyirdik"

Suriya Əsəd rejiminin həbsxanalarında 23 il saxlanılan Mehmet Ertürk azadlığa çıxdıqdan sonra yaşadığı insanlıq faciəsini danışıb. Uzun illər gün işığını görmədiklərini deyən Ertürk "səhər olduğunu verilən 2–3 zeytundan anlayırdıq” deyib. O, aclıq səbəbilə tarakan, pişik əti və qurd yediklərini, çıxış yolunun isə yalnız ölüm olduğunu düşündüklərini bildirib.

Qaynarinfo xəbər verir ki, Suriyada Əsəd rejiminin süqutundan sonra azadlığa çıxan kilisli Mehmet Ertürk həbsxanalarda keçirdiyi 23 ildən danışıb. Hazırda Kilis Ekrem Çetin Qız Anadolu İmam Hatip Liseyində təmizlik işçisi kimi çalışan Ertürk uzun illər günəş görmədiklərini qeyd edib: "Səhər olduğunu bizə verilən 2-3 zeytindən anlayırdıq".

"Aclıqdan tarakan, pişik əti yedik, "öldürün bizi" deyirdik"

2003-cü ilin aprelində Suriyaya getdiyini deyən Ertürk bildirib ki, onu səhvən kəşfiyyatçı hesab ediblər: "Mən kəşfiyyatçı deyildim, sadə bir insan idim. İllərlə həbsdə qaldım".

O, həbsxana şəraitinin son dərəcə ağır olduğunu vurğulayıb: "Aclıqdan tarakan yeyirdik. Pişik əti, qurd yedik. Çox ac idik. Davamlı təhqir edirdilər. "Öldürün bizi’ deyirdik. Oraya düşənlərin 99 faizi günəş görmürdü".

"Xəstələnəndə başımıza dəyənəklə vururdular"

Ertürk xəstələndikdə müalicə əvəzinə şiddət gördüklərini deyib: 

"Xəstələndiyimi deyəndə başıma dəyənəklə vururdular. 25 kiloqrama qədər düşdüm".
 


"Əsəd qaçdı, çıxın dedilər"

Azadlığa çıxdığı gündən danışan Ertürk əvvəlcə bunun tələ ola biləcəyini düşündüklərini bildirib: "Sonra "qapını açın, çıxın, Bəşar Əsəd qaçdı" dedilər. Əvvəl inanmadıq. Yavaş-yavaş çıxdıq. Bir adam mənə sarıldı, "Türk qardaşlar başımın üstündədir" dedi".

Azadlıqdan sonra ciddi sağlamlıq problemləri səbəbilə əməliyyat olunduğunu bildirən Ertürk 5 damarının açıldığını qeyd edib.

"Ölüm sanıb mənə yas saxlayıblar"

O, ailəsinin bir dövrdə onun öldüyünü düşündüyünü deyib: "Məni morqa aparıblar, elektroşokla geri qaytarıblar. Ailəm mənim öldüyümü bilib yas da saxlayıb. Hətta qeydiyyatdan da silinmişəm".

Ertürk dövlət qurumlarına iş üçün müraciət edərək sadəcə daimi iş istədiyini bildirib: "Heç kimdən pul istəmirəm, yalnız işləmək istəyirəm".

Aydın

--> -->