Xəbər lenti

Kişinyov görüşü: Liderlər hansı məsələləri müzakirə etdi? (ŞƏRH)
Siyasət 12:37 02.06.2023

Kişinyov görüşü: Liderlər hansı məsələləri müzakirə etdi? (ŞƏRH)

"Sammitdən öncə də bəlli idi ki, Kişinyovda da əsas müzakirə mövzusu kommunikasiyaların açılması və bununla bağlı Avropa İttifaqı ölkələrinin Ermənistana maliyyə yardımı göstərməsi olacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Kişinyovda Aİ Şurasının sədri, Fransa prezidenti, Almaniya kanslerinin iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında keçirilən görüşü şərh edərkən deyib.

"Görüşlə bağlı ortada Şarl Mişelin bəyanatı var. O, Kişinyovda gedən danışıqlarda aparılan müzakirələri ümumiləşdirərək təqdim edib. Paşinyan da bu istiqamətdə hansısa bəyanatlar verib. Onun əsasında belə başa düşmək olar ki, sammitdən öncə olduğu kimi, Kişinyovda da əsas məsələ kommunikasiyaların açılması olub. Bu istiqamətdə Ermənistana maliyyə yardımı göstərilməsi müzakirə edilib. Burada problem odur ki, həmin əraziyə nəzarət edənlər Rusiya sərhədçiləridir. Yolun özü isə Rusiya dəmir yollarına məxsusdur. Bu baxımdan, Aİ-nin İrəvana həmin məsələdə kömək etməsi də problemlidir. Azərbaycanın mövqeyinə görə isə ilk öncə Zəngəzur yolu işləməlidir ki, sonradan digər yollar da açılsın. Kişinyovda aparılan müzakirələr fikrimcə, məhz bu istiqamətlərdə olub”, Tofiq Zülfüqarov vurğulayıb.



Ekspert bildirib ki, Kişinyovda sülh sazişi istiqamətində hansısa irəliləyişin olacağı əvvəlcədən də gözlənilmirdi: 

"Çünki həm Vaşinqton, həm də Moskvada bu istiqamətdə geniş müzakirələr olub. Kişinyov görüşündə sülh sazişi istiqamətində irəliləyişin olduğunu düşünmürəm. Paşinyan sərhədlər məsələsində 1975-ci ilin xərətisənin əsas götürüləcəyini bildirir. Guya ki, onun əsasında da  delimitasiya baş verəcək. Amma əslində müxtəlif hissələrə aid fərqli illərin xəritələri nəzərə alınmalıdır. Ermənistanın əsas məqsədi aydındır. İrəvan çalışır ki, sərhədləri təsdiqləsin, ona nail olandan sonra isə öz siyasətini bu və ya digər şəkildə Qarabağda davam etdirsin. Onlar üçün ərazi bütövlüyü tanımaq problem deyil. Hətta deyirlər ki, vaxtilə, yəni 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Ondan sonra isə ərazilərimizi işğal ediblər. Bu mənada ərazi bütövlüyümüzü tanıdıqları barədə bəyanatlarına və onun ardınca Azərbaycanın suverenliyinə hörmət edəcəklərinə inanmıram. Müxtəlif bəhanələrlə özlərinin mövcud siyasətlərini davam etdirəcəklər”. 

Qeyd edək ki, iyunun 1-də Kişinyovda keçirilən sammit çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında beştərəfli müzakirələr aparılıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->