6,03 karatlıq almazı Arkanzasda 12 ildən çoxdur qiymətli daş axtaran ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan hərbçisi Cek Pireydin aşkar edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” yazır.
Pireydin etiraf edib ki, qiymətli daş axtarışı hobbisi indiyədək ona pul qazandırmayıb. Lakin bu ilin əvvəlində dostu ilə birlikdə Arkanzasdakı yataqlardan birində qazıb çıxardığı daş əvvəl tapdıqlarının heç birinə bənzəməyib. Kolleksiyaçılar kişiyə daşın 1 milyon dollardan baha qiymətləndirilə biləcəyini bildiriblər.
Bununla belə, təcrübəli qiymətləndiricilərdən biri belə ölçüdə və keyfiyyətdə daşın təxminən bu məbləğin dörddə birinə başa gələ biləcəyini deyib.
“İlahi! İlahi!” – Pireydin “TikTok”da tapıntısını canlı yayımlayarkən qışqırıb.
“Lənət olsun, böyük daş tapmışıq!”, o, vedrədəki çınqılı yuduqdan və masaya tökdükdən sonra qışqırıb. Daşların arasında 6,03 karatlıq almazın üzləri parıldayıb. Daşın ölçüsü təxminən dırnaq boyda olub.
Bildirilib ki, bu, cari ildə “Crater of Diamonds” dövlət parkında tapılan ən böyük almazdır.
“Keçmiş açıq almaz mədəni 1972-ci ildə dövlət parkının bir hissəsinə çevriləndən bəri burada 37 mindən çox almaz tapılıb. Ziyarətçilər 15 dollar ödəməklə təxminən 19 litr həcmində vedrəni daşlarla doldura və tapdıqları bütün qiymətli daşları özləri ilə apara bilərlər. Belə tapıntıların əksəriyyəti kiçik olur və ehtimal ki, bir neçə yüz dollar dəyərindədir”, deyə məqalə müəllifləri bildiriblər.
ABŞ-da indiyədək tapılan ən böyük almaz – 40,23 karatlıq “Uncle Sam” (“Sem dayı”) adlı daş da məhz bu parkdan çıxıb. O, 1924-cü ildə aşkar edilib.
KİV-in məlumatına görə, Pireydin Missuri ştatındandır. O, 2013-cü ildən bəri parkda bəxtini sınayır. Kişi hətta hobbisi naminə yaxınlıqdakı Mörfrisboro şəhərinə köçüb.
“Mən bunu o qədər sevirəm ki...”, deyə o, “Associated Press”ə danışıb.
Pireydin tapdığı almazların əksəriyyətini internet vasitəsilə satıb.
Park əməkdaşı Sara Bivensin sözlərinə görə, burada hər il 400-800 almaz tapılır. Onların əksəriyyətinin çəkisi təxminən dörddəbir karat olur.
Bununla belə, daha iri daşlara da rast gəlinir. Parkın direktor müavini Veymon Koks bildirib.
2020-ci ildə Arkanzasdan olan bank meneceri parkda 9 karatlıq almaz tapıb. 2024-cü ildə isə fransalı turist burada 7 karatlıq almaz aşkar edib.
ABŞ-da almaz tapılan yerlərin sayı azdır
Almazlar Yerin dərinliklərində nəhəng təzyiq və son dərəcə yüksək temperatur şəraitində kristallaşır. Daha sonra vulkanik fəaliyyət onları səthə çıxarır. Bundan sonra su və ya külək daşları müxtəlif ərazilərə daşıya bilər.
Amerika Gemologiya İnstitutunun baş meneceri Neytan Renfronun sözlərinə görə, təbii almazlar çox vaxt bulanıq görünüşə və qeyri-adi formaya malik olur. Daş zərgərlik mağazasında satış üçün uyğun hala gətirilmək məqsədilə yonulduqda və cilalandıqda ilkin çəkisinin təxminən 25 faizini itirir.
Renfronun sözlərinə görə, ABŞ-da yalnız iki ilkin almaz yatağı məlumdur. Bunlar vaxtilə ərimiş vulkanik süxur sütunlarının Yer səthinə çıxdığı ərazilərdir. Onlardan biri “Crater of Diamonds”, digəri isə Koloradodakı “Kelsey Lake” yatağıdır. Bir neçə il əvvəl sənaye mədən şirkətinin fəaliyyətini dayandırmasından sonra həmin ərazilər bərpa edilib.
Hazırda Arkanzasdakı park dünyada istənilən şəxsin müstəqil şəkildə almaz axtara və tapdığı daşları özü ilə apara bildiyi azsaylı yerlərdən biridir.
“Belə bir imkanın geniş ictimaiyyət üçün əlçatan olması həqiqətən də qeyri-adidir. Almaz mədənlərinin əksəriyyətində çox ciddi təhlükəsizlik sistemi mövcuddur”, deyə Renfro bildirib.
Bununla belə, Pireydinin tapıntısının ona böyük gəlir gətirib-gətirməyəcəyi hələlik məlum deyil. Litl-Rokdan olan sertifikatlı qiymətli daş qiymətləndiricisi Laura Stenlinin sözlərinə görə, parkda tapılan 0,17 karatlıq adi almazı təxminən 700 dollara satmaq mümkündür.
Eyni zamanda, parkda tapılmış yüksək keyfiyyətli 6 karatlıq sarı almazın qiyməti təxminən 250 min dollar ola bilər. Yüksək qiymətin səbəblərindən biri daşın mənşəyidir.
“Bu, ayrıca kateqoriyadır. Bura Amerikada insanın öz almazını şəxsən tapa bildiyi yeganə yerdir və onu başqa hər hansı yerdən çıxarılan almazla müqayisə etmək mümkün deyil”, deyə Stenli bildirib.
“Uncle Sam” kristalı sonradan yonulub və cilalanaraq 12,42 karatlıq almaza çevrilib. Daş Smitson İnstitutunun Milli Təbiət Tarixi Muzeyinə hədiyyə edilib və hazırda “Böyük Amerika almazları” sərgisində nümayiş etdirilir.
Aydın
Şərhlər