Xəbər lenti

KİV: Kreml Əsədin həyat yoldaşını Suriyanın prezidenti etmək istəyib
Dünya 18:48 14.07.2026

KİV: Kreml Əsədin həyat yoldaşını Suriyanın prezidenti etmək istəyib

Rusiya hakimiyyəti Suriyada hakimiyyətin keçmiş prezident Bəşər Əsəddən onun həyat yoldaşı Əsmə Əsədə ötürülməsi variantını nəzərdən keçirib. 

Qaynarinfo xəbər verir ki, bu iddia ilə "The Observer" qəzeti çıxış edib. Nəşr bu barədə əvvəllər Əsəd ailəsinə yaxın olmuş mənbələrə istinad edir.

Məqalədə qeyd olunur ki, Əsmə Əsəd həyat yoldaşının prezidentliyi dövründə ölkənin idarə olunmasında və qərarların qəbulunda əsas fiqurlardan birinə çevrilib. "The Observer"in məlumatına görə, o, iqtisadiyyatın bir neçə mühüm sahəsinə, xeyriyyə fondlarına və BMT-dən daxil olan beynəlxalq yardımın böyük hissəsinə nəzarət edib.

Nəşrin jurnalistləri iddia edirlər ki, Suriyada aktiv hərbi əməliyyatların başa çatmasından sonra Rusiya hökuməti Bəşər Əsəddən və onun hakimiyyətinin sabitliyindən getdikcə daha çox məyus olub.

Məlumata görə, Kreml Əsədin Türkiyə ilə, ölkənin şimal-qərbindəki silahlı qruplarla və şimal-şərqdəki kürd qüvvələri ilə sülh əldə etmək istiqamətində addımlar atmaqdan imtina etməsindən narazı idi.

Nəşrin bir neçə mənbəsinin sözlərinə görə, Rusiyada bir müddət əvvəl hakimiyyəti dəyişmək üçün mümkün namizədlərin siyahısı hazırlanmağa başlanıb. Mənbələr bildiriblər ki, siyahıda ilk yerlərdən birində Əsmə Əsəd olub.

Mənbələrdən biri bildirib ki, Bəşər Əsəd bu ideyadan xəbərdar olub, lakin bunu ciddi qəbul etməyib. "Belə söhbətlər olub və bu barədə prezidentə də deyilib, lakin o, sadəcə buna gülüb", deyə mənbə bildirib.

Bəşər Əsəd 2000-2024-cü illərdə Suriyaya rəhbərlik edib. O, 2024-cü ilin dekabr ayının əvvəlində islamçı qruplardan ibarət koalisiyanın Dəməşqi ələ keçirməsindən sonra ölkəni tərk edib. Bundan qısa müddət sonra keçmiş prezident və ailəsi Rusiyadan siyasi sığınacaq alıb.

Əsmə Əsəd (nikahdan əvvəl Əl-Əhras) Böyük Britaniyada suriyalı ailədə anadan olub. O, London Universitetini bitirib, daha sonra "Deutsche Bank" və "JP Morgan" şirkətlərində çalışıb. 2000-ci ildə Suriyaya qayıdaraq Bəşər Əsədlə evlənib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->