Siyasət 16:02 26.09.2022

Kreml nüvə silahından istifadə edəcəkmi? - Politoloq

Artıq bir neçə gündür ki, Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərində bu ölkəyə birləşməklə bağlı "referendum” keçirilir. Sentyabrın 23-də başlanan proses sentyabrın 27-dək davam edəcək. Kreml rəsmiləri bildiriblər ki, yerli əhalinin seçiminə "hörmətlə” yanaşacaq və əhali Rusiyaya birləşməyə tərəfdar olduğu təqdirdə, işğal zonasındakı ərazilərə hər hansı bir hücumu Rusiyaya hücum kimi dəyərləndirəcəklər. Hətta bu fonda iddialar səslənir ki, Kreml nüvə silahına da əl ata bilər. Kiyev və bütün Qərb dünyası Moskvanın keçirdiyi bu referendumu tanımadığını bəyan edib.
 
ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, Rusiyanın nüvə silahından istifadə edəcəyi hal üçün ABŞ-ın dəqiq fəaliyyət planı var:
 
"Biz rusiyalılarla nüvə silahı haqqında danışmağı dayandırmasını publik və özəl şəkildə danışmışıq. Moskvanın bizdən eşitməsi və nəticələrinin ağır olacağını bizdən öyrənməsi çox vacibdir. Biz bunu çox açıq şəkildə bildirmişik".
 


Lakin Blinken Vaşinqtonun Rusiyanın nüvə silahından istifadəyə necə cavab verəcəyi ilə bağlı təfərrüatları bölüşməkdən imtina edib. Hər halda, görünən odur ki, Rusiyanın qondarma rejimlərdə keçirdiyi referendumlar regiondakı vəziyyəti daha da kəskinləşdirəcək. Aydın məsələdir ki, Kremli bu addıma getməyə onun döyüş meydanında uğur qazana bilməməsi vadar edib. Digər tərəfdən, Qərbdən ən müasir silahlar alan Ukraynanın əks-hücuma keçərək, bir sıra əraziləri azad etməsi də Kremli sözügedən ərazilərdə referenduma getməyə məcbur edib. Bununla, həm də nevə silahı məsələsini gündəmə atmaqla Rusiya özünü qarşıda gözlənilən daha sarsıdıcı məğlubiyyətlərdən sığortalamağı düşünür.

Keçirilən referendum prosesin gedişində nəyi dəyişəcək? 

Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev bildirib ki, referendum Ukraynaya növbəti əməliyyatları aparmağda çətinlik yaradacaq və Qərblə Rusiya birbaşa üz-üzə gələcək:



"Referendumlar əslində Rusiyanın həmin əraziləri ilhaq etməsi demək olacaq. Bunun nəticəsində həmin ərazilər ən azından Rusiya tərəfindən öz ərasizi kimi qəbul olunacaq. Bundan sonra Kreml həmin əraziləri də özünün nüvə çətiri altına ala bilər. Həmin ərazilərə hər hansı hücum zamanı nüvə silahı tətbiq edə bilər. Nüvə silahnın tətbiqi zamanı da böyük ehtimalla Moskva Belarus ərazisindən istifadə etməyə çalışacaq ki, həm Minski də bu məsələyə qoşulmağa məcbur etsin, həm də Avropanı təhdid etmək üçün daha yaxın ərazidə olsun. Yaranmış vəziyyətdə ola bilsin ki, Kreml hətta Polşa, Çexiya, Slovakiya kimi Şərqi Avropa ölkələrini də hədəf kimi götürsün. İstənilən halda referendum Kiyev üçün növbəti əməliyyatları aparmağı çətinləşdirəcək və Qərblə Rusiya birbaşa üz-üzə gələcək”.

Rüfət Sultan