Xəbər lenti

İnternet tarixinin ikonik markası 1,5 milyard dollara italyanlara satıldı
Texnologiya 22:41 30.10.2025

İnternet tarixinin ikonik markası 1,5 milyard dollara italyanlara satıldı

Texnologiya nəhəngi "Yahoo” internet tarixinin ikonik markası "America Online” (AOL) şirkətini rəqəmsal brendləri yenidən canlandırmaqla tanınan İtaliyanın "Bending Spoons” şirkətinə sataraq böyük strateji addım atıb. 

Qayanrinfo xəbər verir ki, təxminən 1,5 milyard dollarlıq bu razılaşma həm "Yahoo” üçün süni intellekt yönümlü yeni layihələrə keçidin yolunu açır, həm də AOL üçün yeni və uzunmüddətli mərhələnin başlanğıcını qoyur.

"Yahoo” şirkətin satışına dair yekun müqaviləni imzalayıb. Tənzimləyici təsdiqlərin tamamlanmasının ardından satışın ilin sonuna qədər rəsmiləşəcəyi gözlənilir. Bu addım mürəkkəb və enişli-yoxuşlu tarixə malik AOL üçün yeni başlanğıc, "Yahoo” üçünsə strateji dönüş nöqtəsi kimi qiymətləndirilir.

Milanda yerləşən "Bending Spoons” rəqəmsal markaları alıb yeniləməkdə ixtisaslaşmış dinamik texnologiya şirkətidir. Şirkət aldığı brendləri uzunmüddətli sahibliyə əsaslanan vizyonla idarə edir və portfelindəki markaları satmamaq prinsipinə sadiqdir. "Bending Spoons”un portfelinə "Evernote” qeydlər tətbiqi, "Vimeo” video platforması, "Meetup” tədbir təşkilatçısı, "StreamYard” canlı yayım proqramı və "WeTransfer” fayl paylaşım xidməti kimi tanınmış qlobal brendlər daxildir.

Şirkətin baş direktoru və həmtəsisçisi Luka Ferrari AOL-in "reallaşmamış potensialına” inandıqlarını bildirib və markanın inkişafı üçün ciddi sərmayə yatırmağı planlaşdırdıqlarını vurğulayıb. Ferrari AOL-i ikonik, sevilən və zamanın sınağından çıxmış bir marka kimi təsvir edərək, onun geniş və sadiq istifadəçi bazasına uzun illər xidmət etməyi hədəflədiklərini deyib.

"Yahoo” İdarə Heyətinin sədri Rid Reyman satışın AOL-i növbəti mərhələyə hazırladığını və bu razılaşmanın "Yahoo”nun resurslarını gələcək inkişaf sahələrinə yönəltməsinə imkan verdiyini bildirib. Reyman şirkətin xüsusilə "süni intellektlə dəstəklənən təcrübələrin” inkişafına daha çox diqqət ayıracağını qeyd edib. Bu satış, yenidənqurma mərhələsində olan "Yahoo” üçün köhnə aktivlərdən uzaqlaşaraq strateji dönüş nöqtəsinə işarə edir.

AOL son iyirmi ildə bir neçə dəfə sahibini dəyişmiş və internet tarixinin ən vacib dönüm nöqtələrindən biri kimi yadda qalmış şirkətdir. 2001-ci ildə "Time Warner” ilə birləşməsi "dot-com” dövrünün ən uğursuz addımlarından biri kimi qiymətləndirilib. Daha sonra, 2015-ci ildə "Verizon” tərəfindən alınan AOL, 2021-ci ildə "Yahoo” ilə birlikdə 5 milyard dollarlıq müqavilə əsasında "Apollo Global Management” investisiya şirkətinə satılıb.

İndi "Bending Spoons”un nəzarətinə keçən AOL-in bu yeni mərhələdə hansı dəyişikliklərə uğrayacağı və tarixi mirasını müasir rəqəmsal dünyaya necə daşıyacağı maraqla gözlənilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->