Siyasət 12:35 24.06.2022

Kremldən hər cür pisliklər gözləmək olar - Zərdüşt Əlizadə

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Rusiyanın Ukraynaya qarşı işal siyasətini şərh edərkən bildirib ki, Kremlin apardığı bu müharibə "planlı soyqırımdır” və məqsədi geniş enerji ehtiyatlarına malik "yeni Sovet İttifaqına çevrilməyə çalışan Rusiya imperiyası” yaratmaqdır:
 
"Rusiyaya Ukrayna ərazilərində hökmranlıq etməyə icazə verilərsə, Putin növbəti hədəf kimi Sovet İmperiyasının bir hissəsi olan digər müstəqil ölkələrin enerji resurslarına nəzarət etməyə çalışacaq”. 

Onun sözlərinə görə, Ukraynaya yardım "Rusiyanın Amerikada və bütün dünyada iqtisadi itkilərə səbəb olacaq dünyanın təbii yanacaq tədarükünü diqtə edəcək Sovet imperiyasını yenidən qurmasının" qarşısını almaq üçün lazımdır. O deyib ki, Putin dayandırılmasa, "bugünkü bərbad qiymətlər qazın ucuz olduğu dövr kimi yadda qalacaq". 

Pompeo həm Rusiya, həm də Çin təcavüzünə qarşı mübarizə aparmalı olan yeni, qlobal azadlıq ittifaqının qurulmasını təklif edib. Onun fikrincə, Ukrayna, İsrail və Tayvanda mərkəzləri olan yeni təhlükəsizlik arxitekturasının yaradılmasını təklif edib.  Keçmiş dövlət katibi deyib ki, Ukraynaya dəstək vermək Vaşinqtonun öz təhlükəsizlik marağındadır, çünki "müqavilənin 5-ci Maddəsi ilə bağlı öhdəliyimizə görə Amerika ordusu daha böyük Avropa müharibəsinin qarşısını almalıdır”. 

Pompeo Moskvanı razı salmağın hər hansı bir xeyir verə biləcəyi fikrini də rədd edib. "NATO həmrəyliyi vacibdir. Almaniya və Fransa Kremlin heç bir istəyini yerinə yetirməməlidir", - deyə o, Kiyevə silah tədarükünü dəstəkləyib. O, həmçinin Kiyevə ABŞ istehsalı olan "Patriot” raket kompleksinin göndərilməsini istəyib. 

Sabiq dövlət katibinin fikirlərini Qaynarinfo-ya açıqlamasında dəyərləndirən politoloq Zərdüşt Əlizadə də deyir ki, Rusiyadan hər cür pislikləri gözləyə bilərik: 

"Pompeo ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Dövlət Departamentinin sabiq rəhbəri kimi məlumatlı və təhlil etməyi bacaran adamdır. Bu mənada Rusiya ilə bağlı dediklərində ciddi əsaslar var. Rusiyanın hazırda yürütdüyü xarici siyasət imperalist niyyətlərini həyata keçirməkdə israrlı olduğunun hamıya bəlli olmasına ciddi əsaslar verir. Ukraynaya təcavüzü, onun ərazisini ilhaq etmək cəhdləri, həqiqəti həyasızcasına danması, bütün bunlar şübhə doğurmur. Rusiya kütləvi surətdə müharibə cinayətləri törədir, dinc əhalinin bombalayır, öldürür. Rusiyadakı quruluş canilərdən ibarət olan bir quruluşdur. Odur ki, Kremldən hər cür pisliklər gözləmək olar. Moskvanın qarşısını alacaq qüvvə isə Qərbdir. Qərb də görünür Pompeonun dililə öz qətiyyətini nümayiş etdirmək istəyir”. 

Z. Əlizadə qeyd edir ki, Pompeonun təhlükəsizlik dəhlizi kimi qeyd etdiyi Tayvan, Ukrayna və İsrail çox mühüm nöqtələrdir: 

"Qərb Tayvandan Çinə, Ukraynadan isə Rusiyaya qarşı alət kimi istifadə etmək istəyir. Pompeonun İsraildə təhlükəsizlik dəhlizinin yaradılması ideyası da Rusiyaya qarşı yönəlib. İsrail Yaxın Şərqdə ABŞ siyasətinin dayaq nöqtəsidir. Yəqin ki, Rusiya yaxınlarda Suriyadan çıxacaq. Çünki mövcud resursları geniş ərazilərdə hərbi əməliyyat aparmasına imkan vermir”.
 
Rüfət Sultan