Göygöl Rayon İcra Hakimiyyəti Göygöl şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Star Təmir Construction” MMC seçilib. Təmir işlərinə görə şirkətə 789 929,91 manat ödəniləcək.
“Star Təmir Construction” MMC 7 sentyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, B. Bağırova küçəsi, ev 2A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əsgərov Zaur Maarif oğludur.
Şirkət və onun qanuni təmsilçisi barədə açıq mənbələrdə geniş məlumat yoxdur. Buna baxmayaraq, MMC dövlət satınalmalarında fəal iştirak edir və müxtəlif rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlərdə qalib kimi çıxış edir.
Maraqlı məqam isə Göygöldə yolların təmirinə ayrılan vəsaitin qısa müddət sonra yenidən gündəmə gəlməsidir.
Ötən il Göygöl şəhərində yolların təmirinə 829 651,62 manat xərclənib. İndi isə həmin şəhərdə yolların əsaslı təmiri üçün yenidən 789 929,91 manatlıq tender keçirilib.
Başqa sözlə, əvvəlki təmir işlərindən cəmi bir il keçməmiş şəhər yollarının yenidən əsaslı təmirə ehtiyac duyulması diqqət çəkir.
Burada təbii olaraq bir sıra suallar yaranır: ötən il görülən işlər hansı əraziləri əhatə edib, həmin yolların hazırkı vəziyyəti necədir, görülən işlərə zəmanət verilibmi və bir il ərzində yolların yenidən əsaslı təmirə ehtiyac yaranmasının səbəbi nədir?
Əgər əvvəlki təmir işləri üzrə zəmanət müddəti davam edirsə, yeni xərclərin yaranması da ayrıca sual doğurur. Bu halda ortaya çıxan əsas məsələlərdən biri budur: yolların vəziyyətində yaranan problemlər podratçı şirkətin zəmanət öhdəlikləri çərçivəsində aradan qaldırıla bilərdimi?
Təbii ki, yeni tenderin keçirilməsi öz-özlüyündə əvvəlki təmir işlərinin keyfiyyətsiz görüldüyünü sübut etmir. Yolların yenidən təmirə ehtiyac duymasına istismar yükü, yeni ərazilərdə təmir zərurəti və digər səbəblər də təsir edə bilər.
Lakin bir il əvvəl yolların təmirinə 829,6 min manatdan çox vəsait xərcləndiyi halda, qısa müddət sonra daha 789,9 min manatlıq əsaslı təmirə ehtiyac yaranması ən azı bu xərclərin səmərəliliyi və əvvəlki işlərin nəticələri barədə suallar doğurur.
Seyid
Şərhlər