Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi torpaq aqreqatlarının satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi “Skytech International” MMC olub.
Qurum meliorasiya işləri üçün torpaq emalı aqreqatı, torpaq yumşaldıcı aqreqat, kotan və çalaqazan almaq üçün şirkətlə 110 044 manat dəyərində müqavilə bağlayacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Skytech International” MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Hüseynova Leyla Elçin qızıdır.
Maraqlıdır ki, şirkətin adı dövlət satınalmalarında yalnız meliorasiya texnikalarının təchizatçısı kimi deyil, müxtəlif sahələr üzrə məhsul və xidmətlərin satınalınmasında da keçir.
Şirkətin dövlət satınalmalarındakı fəaliyyəti kompüter və elektronika məhsulları ilə məhdudlaşmır. “Skytech International”ın qalib olduğu satınalmalar arasında meliorasiya texnikasından yataq ləvazimatlarına qədər bir-birindən fərqli məhsullar var.
Belə ki, “Skytech International” 2026-cı ildə dövlət qurumlarının keçirdiyi 9 satınalma müsabiqəsinin qalibi olub.
Məsələn, 2026-cı ilin sentyabrında Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun keçirdiyi satınalmanın qalibi “Skytech International” olub. Şirkətlə 111 790 manatlıq müqavilə bağlanıb.
Satınalma çərçivəsində A4 və A5 kağızları, LED lampalar, elektrik uzadıcıları, kompüter ehtiyat hissələri, SSD, RAM, qida blokları, klaviatura və siçan dəstləri, HDMI və USB kabelləri, peyk antenna resiverləri, dəftərxana və təsərrüfat malları və digər məhsulların alınması nəzərdə tutulub.
Şirkətin adı Dövlət Sərhəd Xidmətinin satınalmasında da keçir. 2026-cı ilin sentyabrında “Skytech International” 1000 ədəd fototələ cihazı, SD kartlar, batareyalar və internet paketli SIM kartların təchizatı üzrə 430 464 manatlıq müqavilənin qalibi elan edilib.
Şirkətin əvvəlki satınalmaları arasında texniki xidmətlər də var. 2025-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi mobil nəzarət-izləmə cihazlarına texniki qulluq xidmətlərinin satın alınması üzrə “Skytech International” MMC ilə 15 399 manatlıq müqavilə bağlayıb.
Qeyd edək ki, araşdırmalarımız zamanı məlum oldu ki, Azərbaycanda fəaliyyət göstərən şirkətin internet səhifəsində azərbaycan dilində bölmə yoxdur.
Günay İlqarqızı
Şərhlər