Ölkə 09:00 18.11.2023

Laçının Zabux kəndinə daha 25 ailənin köçü başlayır

Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailənin köçü başlayır.

"Report” xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış "Qobupark-3” yaşayış kompleksində daha 103 nəfər kəndə yola salınacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 16-da Laçın rayonunun Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb. Zabux kəndi həmin gün 25 ailəyə qucaq açıb və daha 94 nəfərin yurd həsrəti bitib.
Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.