Sənət 17:38 23.06.2020

Mahrasaların hücumu

"Seçki hekayələri” silsiləsindən 

(Seçki zamanı fiziki təzyiqə məruz qalan gənc hüququşünas Jalə üçün)

Əlləri yanırdı. Elə bil qaynayan bəhməzə basmış, sonra da çıxardıb buzlu suya salmışdılar. Göyüm-göyüm göynəyirdi. 

Dünən olmuşları göz önünə gətirəndə əsməcəli adamlar kimi titrədi. Zərif sifəti alışıb yandı. Həyadan və qorxudan dili boğazına getdi, sudurğa olacağından ehtiyatlanıb ağzını açdı, dilini dişi ilə tutmağa çalışdı...

"Sən mənimi çəkirsən? Demədimmi çəkmə?! İndi mən səni...” – Danışa-danışa üstünə gəlmiş, çəkib yerə yıxmış, telefonunu ala bilmək üçün barmaqlarını dizi ilə əzmiş, əllərini ayağının altına qoyub tapdalamışdı... 

Əlinin dərisi soyulmuş, dırnaqları qopmuş, barmaqları əzilmişdi...

Qadın cildində bir mahrasa idi o. (Nənəsindən eşitmişdi: üzü-gözü əyiş-üyüş, qulaqları iri, əlləri tüklü, dırnaqları uzun mahrasa cin-şəyatin kimi bir şey idi. Boylu qadınların qarnından uşağını çəkib aparar, bir də qırxı çıxmamış körpələri oğurlayardı. Kimisinin hal, kimisinin mahrasa dediyi bu əcinnə keçdiyi yerdə hamını dalayardı. İllah da gənc və gözəl qızlar onu görəndə bağrı yarılar, dilləri tutulardı. Bir də nənə deyirdi ki, mahrasa dalayan adam da mahrasaya dönürdü. Mahrasaların qulluğunda olurdu.)

Qırmızı laklı uzun caynaqları ilə gah saçlarını yolur, gah da əllərini qanadıb keçirdi. Elə bu çalığ-balığın içində atasının dedikləri yadına düşdü: ”Sən belə uzaq yerlərə getməklə özünü təhlükəyə atırsan, üstəlik də məni pis vəziyyətdə qoyursan... Qızım, demirəm ki, mübarizə aparma, apar... amma bu uzaq əyalət səfəri... incimə, sənin gücün çatan tərz deyil... Bəlkə paytaxtda?..”

O isə heç nə eşitmək istəməmiş, yalnız həmin ucqar kəndin üzərində dayanmışdı. Gənclik romantikası qalib gəlmiş, ata qızının inadı qarşısında susmalı olmuşdu.

...Səhər tezdən proses başlayalı eşitdiyi, oxuduğu əhvalatların hamısı ilə rastlaşdı. Bir yekəağız gədə bir qucaq bülleteni götürüb hamının gözü önündə qutuya atmaq istəyəndə yalnızca o etiraz etmişdi. Məntəqə sədri, komissiya üzvləri, məşvərətçilər, müşahidəçilər başlarını aşağı salıb görməməzliyə vurmuşdular. Elə bu gədəyə oxşayan başqa bir yekəburun kişi gədənin bülletənləri deşikdən içəri salmaqda çətinlik çəkdiyini görüb hırıldadı və ona yanaşıb demişdi:

- Ə, ə, heylə niyə?! Yarı böl, yarısını bir dəfə tök, yarısını da sohra... Ha-ha-ha... Çoban ki çoban!..

Gədə isə eşitmədi deyiləni, zornan bir qom bülleteni nə təhər qutunun deşiyindən pərçimlədisə, barmağı da girdi yarığa. Sonra əlini əlinə vurub "əh” deyibən qapıdan çıxdı. 

Az sonra bir müəllimə yaxınlaşdı qutuya. Bir az aşağı əyilib qoynuna soxdu əlini, orada bir az qurdalandı, döşlərini başqasının əli ilə əlləşdirirmiş kimi xoşhallandı və  "yad adamın əlini” qəfil ordan çəkib yeddi-səkkiz bülletenlə birgə çıxartdı, oğrun-oğrun gülümsədi, sonra qutuya salıb "xeyirli olsun” deyərək şəstlə geri qayıtdı. Gedə-gedə yanındakı qadına sarı əyilib pıçıldadı:”İndi hara gedirik?” 

Qadın "iyirmi altıya” deyib gülümsündü. Təzə gəlin yaşında olan bu qadınlar elə xoşbəxt idilər  ki, elə bil uşaqlıqlarına toxum düşmüşdü... Müqəddəs iş görürmüş kimi rahatlayan  gəlinlər həyətdə onları gözləyən köhnə "Jiquli”yə minib növbəti məntəqəyə tələsdilər.

Bu vaxt qapıdan bir qadın girdi. Məntəqə sədri də, məktəb direktoru da qadının qabağına yüyürdülər. "Aaaz, harda qalmısan?! Gəl çıx dəəəə!” – direktorun bir az nəvazişlə, bir az da lotu baxışıyla süzdüyü qadın çiyinlərini tərpətdi, iri döşlərini əsdirdi, siçovul üzünə oxşayan sifətini büzüşdürüb hökmlə civildədi və bir qom bülleten alıb geri qanrıldı:

- Mənim məntəqəmə haram qatanın... – Birdən ona tuşlanmış telefon kamerasını görüb pörtdü. Üzü siçovul üzündən  mahrasa üzünə döndü və qeyzlə bağırdı. – Az, bu kimdi məni çəkir, aazzz?!. Məni çəkmə! Dedim çəkmə! Demirəm, məni çəkmə?!.

Üzü, əlləri, hətta sinəsi hala, cinə, şəyatinə dönüşən bu əcaib varlıq zərif və çəlimsiz əlləri ilə telefon tutan qızın biləyindən yapışıb yerə çırpdı...

(Nənəsi onu da demişdi ki, mahrasa səni qabaqlayıb dalamamış, sən onu qabaqlayıb bədəninə iynə sancsan, o sənə tabe olacaq, dediklərini yerinə yetirəcək. Guya kəndlərində bir çox evlərdə cinləri, şəyatinləri, mahrasaları tutub bədəninə iynə taxmış, həyət-bacalarında qul kimi işlədirmişlər. "Filankəs cin dəmirdən qorxan kimi qorxurdu” ifadəsi də buradan qalıb.)

...O gün çoxlu mahrasa göründü gözünə. Sonra eşidəcək ki, Bakıda və digər şəhər və rayonlarda da qalstuklu, ağ kostyumlu, bahalı telefonlu erkək mahrasalar və ağ koftalı, rəngarəng geyimli dişi mahrasalar sürü ilə  kənddən-kəndə, şəhərdən-şəhərə yayılır, kağızları qucaqlayıb bir-birinə ötürür və digər tərəfə üz tuturdular. Bu mahrasalar hərdən dalaşır, dişlərini qıcayıb kimilərisə dalayır, qan çıxardıb gedirdilər... 

Və onu da danışırdılar ki, kimlərsə bu cin-şəyatinlərə, mahrasalara iynə taxmış, dilini-ağzını bağlamışdı...

...Əllərinin sıyrılan dərisi, əzilən barmaqları, qopan dırnaqları sonralar sağaldı, amma sağalmayan başqa bir yara da vardı: mahrasa-qadın onu məhkəməyə vermişdi. O yaranın üstündən basan baş mahrasa da mahrasa-qadını haqlı çıxartmışdı...

Göynək üstündən göynək gəlmişdi. Birinci sağalan, unudulan, ikinci isə yaddaşa əbədi həkk olunan idi. Həkk olunmuşdu ki, bilsinlər: bu xəmir hələ çox su aparacaq...

22.02.2020 

Azad Qaradərəli