Xəbər lenti

Maliyyə icarəsi: Üstünlüklər, risklər və qanunvericilikdə yeni dəyişikliklər
Ekonomiks 12:54 12.06.2026

Maliyyə icarəsi: Üstünlüklər, risklər və qanunvericilikdə yeni dəyişikliklər

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)
 
Son dövrlərdə maliyyə icarəsi (lizinq) həm biznes, həm də fiziki şəxslər üçün daha çox istifadə olunan maliyyələşmə üsullarından birinə çevrilib. Bu üsul vasitəsilə insanlar və şirkətlər avtomobil, avadanlıq və ya digər əmlakı dərhal tam məbləği ödəmədən əldə edə bilirlər. Lakin bu maliyyə alətinin necə işlədiyi, kreditdən hansı fərqləri olduğu və hansı riskləri daşıdığı hələ də bir çox vətəndaş üçün tam aydın deyil. Məhz buna görə də maliyyə icarəsi ilə bağlı müzakirələr və izahata ehtiyac gündəmdə qalır.

Bəs maliyyə icarəsinin üstünlükləri və riskləri nələrdir? Qanunvericilikdə aparılan dəyişikliklər bu sahənin inkişafına necə təsir göstərə bilər? 

İqtisadçı Rauf Qarayev mövzu ilə bağlı Qaynarinfo-nun suallarını cavablandırarkən bildirib ki, maliyyə icarəsinin üstünlükləri ilə yanaşı, müəyyən riskləri və qanunvericiliklə bağlı həllini gözləyən məsələləri də mövcuddur.

Onun sözlərinə görə, maliyyə icarəsi zamanı əmlakın mülkiyyət hüququ borc tam ödənilənədək maliyyə icarəsi şirkətində qalır:

"Bu səbəbdən maliyyə icarəsindən yararlanan şəxs həmin əmlakı sata və ya onun üzərində əhəmiyyətli dəyişikliklər edə bilmir".

İqtisadçı qeyd edib ki, komissiya və faiz ödənişləri səbəbindən maliyyə icarəsinin ümumi dəyəri bir çox hallarda kreditlə əldə edilən əmlakın xərcindən daha yüksək olur:

"Ödənişlərin gecikdirilməsi maliyyə icarəsindən istifadə edən şəxs üçün ciddi risk yaradır. Belə ki, hətta ödənişlərin böyük hissəsi həyata keçirilsə belə, maliyyə icarəsi şirkəti müqaviləni ləğv edərək əmlakı geri ala bilər".
 


Rauf Qarayevin sözlərinə görə, maliyyə icarəsi müqavilələrində istifadə ilə bağlı müxtəlif məhdudiyyətlər də nəzərdə tutula bilər:

"Bunlara nəqliyyat vasitələrinin yürüş limitləri, müəyyən servis xidmətlərindən istifadə tələbi və əmlakın üçüncü şəxslərə verilməsinə qoyulan qadağalar daxildir. Fiziki şəxslər üçün vergi güzəştlərinin məhdud olması səbəbindən şəxsi istifadə məqsədilə avtomobilin maliyyə icarəsi bəzi hallarda avtomobil kreditindən daha az sərfəli görünür. Bundan başqa, sığorta, rəsmiləşdirmə və cərimələrlə bağlı əlavə xərclər də ümumi yükü artıra bilir. Mövsümi fəaliyyət göstərən bizneslər üçün və ya uzun müddət dəyişdirilməsi planlaşdırılmayan avadanlıqların əldə olunması zamanı maliyyə icarəsi həmişə ən optimal maliyyələşdirmə vasitəsi olmaya bilər".

Rauf Qarayev bildirib ki, Azərbaycanda maliyyə icarəsinin mahiyyəti, üstünlükləri və riskləri ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac var: 

"Bir çox insanlar hələ də maliyyə icarəsi ilə krediti bir-birindən fərqləndirməkdə çətinlik çəkirlər. Buna görə də vətəndaşlara maliyyə icarəsinin hansı hallarda daha sərfəli olduğu, kreditdən hansı üstünlüklərə malik olduğu daha aydın izah edilməlidir".

İqtisadçı hesab edir ki, qanunvericilikdə müəyyən dəyişikliklər olsa da, əsas məsələ qəbul edilən dəyişikliklərin praktikada işlək mexanizmlərlə təmin edilməsidir:

"Qanunvericilikdə aparılan dəyişikliklər bəzən gözlənilən effekti vermir və kağız üzərində qalır".

Rauf Qarayevin fikrincə, xarici ölkələrin təcrübəsinin olduğu kimi tətbiq edilməsi hər zaman uğurlu nəticə vermir:

"Hər bir dəyişiklik yerli iqtisadi və sosial reallıqlar nəzərə alınmaqla hazırlanmalı, əvvəlcə pilot layihələr çərçivəsində sınaqdan keçirilməlidir. Əsas məsələ təkliflərin arxasında real iqtisadi əsasların dayanması və onların praktikada səmərəliliyinin əvvəlcədən yoxlanılmasıdır. Yalnız bu halda qəbul olunan qərarların effektiv nəticə verməsi mümkündür".

Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


--> -->