Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin (EUIPO) saytında İtaliyanın Baş naziri Ciorcia Meloninin səsinin əmtəə nişanı kimi qeydiyyata alınması ilə bağlı ərizə barədə məlumat dərc olunub. Saytda qeyd edilir ki, ərizə hazırda baxılma mərhələsindədir.
Qaynarinfo xəbər verir ki, “La Repubblica”nın yazdığına görə, baş nazir qeydiyyat üçün dörd saniyəlik səs yazısı təqdim edib. Yazıda o, “Mən Ciorcia Meloniyəm” ifadəsini iki dəfə səsləndirir. Bildirilir ki, Meloni səsinin süni intellekt alətləri və dipfeyklər vasitəsilə qanunsuz istifadəsinin qarşısını almaq məqsədilə onu qeydiyyatdan keçirir.
Aİ qanunvericiliyinə əsasən, səs EUIPO-da qeydiyyata alındıqdan sonra baş nazirin səsindən istənilən qanunsuz istifadə müəllif hüquqlarının pozulması kimi qiymətləndiriləcək. Bu, Meloniyə Aİ-nin istənilən ölkəsində hüquq pozucularını məhkəməyə vermək imkanı yaradacaq, çünki qeydiyyat bütün birlik ərazisində qüvvədə olacaq.
Qəzet xatırladır ki, Avropanın bəzi ölkələrində viral videolar hazırlayan, şəxsin heç vaxt söyləmədiyi sözləri onun səsi ilə səsləndirən və ya səsinin fərqləndirici xüsusiyyətlərindən kommersiya məqsədilə istifadə edən şəxsləri cinayət məsuliyyəti gözləyə bilər. İtaliyada isə ən ciddi hallarda bu cür əməllər hətta həbs cəzası ilə nəticələnə bilər.
Ciorcia Meloni özü məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Aydın
Şərhlər