Xəbər lenti

Ekonomiks 17:58 21.02.2024

Məşhur yükdaşıma şirkəti ilə gömrük komitəsi arasında nə baş verib? (AÇIQLAMA/YENİLƏNİB)

(ilk xəbər 20.02.2024, Saat 15.28-də dərc edilib)
 
Azərbaycanın məşhur yükdaşıma şirkəti olan "M-Trans" MMC Dövlət Gömrük Komitəsini (DGK) məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Leyla Əliyeva iş üzər hakim təyin edilib. 

Tərəflər arasındakı məhkəmə çəkişməsinin səbəbi maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrdən ibarətdir. 

Əldə etdiyimiz məlumata görə, DGK şirkətə cərimə yazıb. "M-Trans" MMC qurumun qərarı ilə razılaşmadığına görə məhkəməyə müraciət edib. 

"M-Trans" MMC 2011-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 2000 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Allahverdiyev Ayaz Almaz oğludur. 

"M-Trans" MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şirkəti kimi tanınıb. Mediada bununla bağlı kifayət qədər yazılıb.  

2017-ci ildə Nəqliyyat Nazirliyinin ləğv edilməsi ilə Ziya Məmmədovun nazir karyerasına son qoyulub. Bundan sonra keçmiş nazirin biznes imperiyası da çökməyə başlayıb. Onun nəzarətində olan "Qarant Holdinq" kimi iri biznes subyektləri sıradan çıxıb. 

İddialara görə, keçmiş nazir "M-Trans" MMC-ni də itirməli olub. Şirkət hazırda "M-Forward" Şirkətlər Qrupuna daxildir. Bu barədə şirkətin saytında qeyd edilib. 
 
 
21.02.2024, 17:58
 
"M-Trans" MMC məsələ ilə bağlı açıqlama verib. Şirkətdən Qaynarinfo-ya daxil olan açıqlamada deyilir ki, Dövlət Gömrük Komitəsi tərəfindən "M-TRANS” MMC-yə heç bir cərimə sanksiyası tətbiq edilməmişdir:
 
"Bakı Kommersiya Məhkəməsində (hakim: Leyla Əliyeva ) Dövlət Gömrük Komitəsi və "M-TRANS” MMC arasında olan mübahisə "səhv bəyan edilmiş malın dəyərinə görə ödənilmiş artıq məbləğin geri qaytarılması”na dairdir. 

Əlavə olaraq bildirmək istəyirik ki, xəbərdə qeyd etdiyiniz "M-Trans" MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şirkəti kimi tanınıb. Mediada bununla bağlı kifayət qədər yazılıb. 2017-ci ildə Nəqliyyat Nazirliyinin ləğv edilməsi ilə Ziya Məmmədovun nazir karyerasına son qoyulub. Bundan sonra keçmiş nazirin biznes imperiyası da çökməyə başlayıb. Onun nəzarətində "Qarant Holdinq" kimi iri biznes subyektləri sıradan çıxıb” kimi qeyd etdiyiniz məlumat tamamən əsassızdır və "M-TRANS” MMC-nin adları cəkilən vəzifəli şəxslərlə heç bir əlaqəsi yoxdur.
 
Bu yazı həm milli sahibkarlığımızın inkişafına, həm də ölkəmizin ən uğurla inkişaf edən  böyük işçi kollektivinin çalışdığı "M-TRANS” MMC -nin işgüzar nüfuzuna böyük zərər vurur və ictimayyətdə şirkət haqqında yanlış təsəvvürün yaranmasına şərait yaradır.

2011-ci ildə əsası qoyulmuş "M-TRANS” MMC, artıq 13 ildir ki, ölkəmizdə və onun hüdüdlarından kənarda müasir logistik nəqliyyat vaistələri ilə təkcə Azərbaycanın deyil, regionun bir çox ölkələrinin  iri və xirda müəssiələrinə daşıma xidmətlərini həyata keçirir və 300-ə yaxın işçi kollektivinə malikdir".

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->