"Məsələlərin qarşılıqlı münasibətlərin rasional və soyuqqanlı tənzimlənməsinə fokuslanmaq və haradan qaynaqlanması ciddi araşdırmalar tələb edən bu cür yanaşmaları neytrallaşdırmaq daha məqsədəuyğundur".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında ona təşəkkür etməsi fonunda bu ölkə mediasının Azərbaycanı hədəfə alan intensiv hücumlar təşkil etməsini şərh edərkən deyib.
Həmsöhbətimiz qeyd edir ki, burada önəmli olan Azərbaycan və İran prezidentləri arasında qarşılıqlı dialoqun mövcud olmasıdır:
"Çünki hər iki şəxs dövlət başçısıdır və onlar bir-birinə öz arzu və istəklərini birbaşa ifadə edə bilirlər. Dövlətlərin mövqeyi isə əsasən dövlət başçılarının həyata keçirdiyi siyasət nəticəsində formalaşır. Bu baxımdan baş tutan son dialoqda istifadə edilən ritorika və üslub göstərir ki, hər iki dövlət başçısı məsələyə soyuqqanlı və praqmatik yanaşır. Xüsusilə, Azərbaycan Prezidentinə göstərilən təşəkkür ifadəsi, Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlətlərdən biri kimi qəbul olunduğunu nümayiş etdirir. İran mətbuatında yayımlanan bəzi məlumat və şərhlərə gəlincə, məlumdur ki, mətbuat geniş spektri əhatə etməklə yanaşı, müxtəlif siyasi dairələrin mövqeyini əks etdirə bilir. Orada yer alan Azərbaycanla bağlı bəzi məlumatlar və şərhlər, əlbəttə ki, təəssüf doğurur. Lakin əsas məsələ, yüksək səviyyəli dövlət başçıları arasında birbaşa kontaktın mövcud olmasıdır".
Bu mənada ekspert düşünür ki, mətbuatda gedən yanlış yanaşmalar nə qədər təsir doğursa da, proseslərin gedişi dövlət başçılarının iradəsinə bağlıdır:
"Hesab edirəm ki, siyasi iradə ilə aparılan birbaşa dialoq və əlaqələr sülhün və qarşılıqlı əməkdaşlığın davamlı olmasına töhfə verə bilər. İranda Azərbaycana qarşı qərəzli və saxta fikirlər səsləndirənlər isə Tehranla Bakı arasında münasibətlərin normallaşmasını istəməyən qüvvələrdir".
Qeyd edək ki, örən həftə İran Prezidenti Məsud Pezeşkianla Azərbaycan Prezidenti İlham Əliyev arasında arasında telefon söhbəti olub. İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb. Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib. Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.
Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.
Rüfət Sultan
Şərhlər