Xəbər lenti

Metrodakı təmirin kirayə bazarına təsiri - Hansı ərazilərdə qiymətlər artacaq?
Ekonomiks 16:28 07.08.2026

Metrodakı təmirin kirayə bazarına təsiri - Hansı ərazilərdə qiymətlər artacaq?

Bakı metrosunda bəzi stansiyalarda avqustun 15-dən başlayacaq və 11 ay davam edəcək təmir işlərinin kirayə mənzil bazarına da təsir göstərəcəyi gözlənilir. Yeni tədris ili ərəfəsində rayonlardan Bakıya üz tutan minlərlə tələbə bəzən daha münasib qiymətə kirayə qalmaq üçün universitetlərindən uzaq, lakin metroya yaxın ərazilərə üstünlük verirdi. Metroda yaranacaq məhdudiyyətlər isə onların seçimlərinə təsir göstərə, tələbatın istiqamətini dəyişə bilər.

Bəs 11 aylıq təmir kirayə bazarında qiymətlərə necə təsir edəcək? Hansı ərazilərdə kirayə mənzillərə tələbat və qiymətlər artacaq, hansı ərazilərdə isə maraq azalacaq?

Qaynarinfo-ya açıqlamasında Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bütün hallarda nəzərə almaq lazımdır ki, metro təmiri kirayə bazarına təsir edən əsas və yeganə amil deyil. Əsas proses yeni tədris ilinin başlanmasıdır və qiymət artımı bütün istiqamətlər üzrə məhz bu amilin təsiri ilə baş verəcək. 

Sədr qeyd edib ki, yay mövsümünün sonunda – avqust və sentyabr aylarında kirayə mənzil bazarında qiymətlər yüksəlməsinə bir neçə əsas amil təsir göstərir:

"Ənənəvi olaraq hər il 50 mindən çox abituriyent tələbə adını qazanır və onların əksəriyyəti məhz Bakıda təhsil alır. Buna görə də daşınmaz əmlak bazarının kirayə seqmentində müraciətlərin sayı artır, nəticədə qiymət artımı təbii olaraq baş verir. Bir müddətdən sonra isə bu artım möhkəmlənir və digər bazar amilləri nəzərə alınmazsa, formalaşan qiymətlər ilboyu sabit qalır. Bu proses ildən-ilə kirayə bazarında qiymət artımını şərtləndirən əsas amillərdən biri kimi çıxış edir”.

Metro stansiyalarında avqustun 15-dən başlayacaq 11 aylıq təmir-tikinti işlərinin  kirayə bazarına təsirləri haqqında danışan Vüqar Oruc qeyd edib ki, ilk növbədə sözügedən metro stansiyalarının yaxınlığındakı kirayə mənzillərə olan tələbatın müəyyən qədər zəifləyəcəyini ehtimal etməyə əsas verir. Lakin bu, həmin ərazilərdə qiymət artımının tam dayanacağı anlamına gəlmir:

"Artım tempi davam edəcək. Çünki təkcə yerləşmə və ya hər hansı istiqamətin dəyişməsi ümumilikdə daşınmaz əmlak bazarında ciddi dəyişiklik tendensiyası yaratmır.

Sadəcə söhbət ondan gedir ki, tələbin istiqaməti dəyişə bilər. Əvvəllər metroya yaxınlıq nəqliyyat əlçatanlığının əsas göstəricisi hesab olunurdusa, bu 11 ay ərzində müvəqqəti olaraq universitetlərə yaxın mənzillər, həyət evləri və əgər varsa, yataqxanalar daha çox üstünlük qazanacaq. Yəni metro çıxışlarının yaxınlığındakı mənzillər deyil, universitetlərə yaxın yerləşən yaşayış yerləri prioritet təşkil edəcək.

Amma bu, müvəqqəti xarakter daşıyacaq. Təmir-tikinti işləri başa çatdıqdan sonra bazar yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Yəni söhbət tələbin kəmiyyətinin deyil, keyfiyyətinin və istiqamətinin dəyişməsindən gedir. Tələbin yerləşməsi dəyişə bilər və hansı ərazilərdə daha çox tələbat yaranacağı məhz bu yeni tendensiyadan asılı olacaq”.
 


Kirayə mənzil bazarındakı qiymət artımının daha çox Bakının hansı ərazilərində hiss ediləcəyi ilə bağlı  da danışan sədr vurğulayıb ki, Nərimanov, Gənclik, 28 May, Elmlər Akademiyası, İnşaatçılar və digər metro stansiyalarına yaxın ərazilərdə kirayə mənzillərə tələbat arta bilər:
 
"Tədris ilinin başlanması ilə həmin ərazilərdə kirayə qiymətlərinin təxminən 10-15 faiz, bəzi hallarda isə daha çox artması mümkündür.

Metro stansiyalarında təmir işləri aparılan və çıxışların müvəqqəti bağlanacağı ərazilərdə isə indiyədək formalaşmış qiymətlər ya sabit qala bilər, ya da ən uzağı 5 faizə qədər simvolik endirimlər təklif oluna bilər. Ancaq bu ehtimal da o qədər yüksək deyil.

Çünki bayaq da qeyd etdiyim kimi, istər satış, istərsə də kirayə qiymətlərinə təsir göstərən əsas amillər tikinti materiallarının bahalaşması, işçi qüvvəsinin və xidmətlərin qiymətinin artması, daşınmaz əmlakın investisiya cəlbediciliyinin yüksəlməsi, onun tam risksiz və sığortalanmış biznes sahəsi kimi qəbul edilməsi, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, inflyasiya və digər iqtisadi amillərdir”.

Vüqar Oruc əvvəlcədən nəzərdə tutulmayan halların da baş verəcəyini də ehtimal edir:

"Məsələn, metro çıxışlarının 11 ay müddətinə təmirə bağlanması həmin ərazilərdə daşınmaz əmlaka tələbatın müəyyən qədər azalmasına səbəb ola bilər. Amma biz onu da görmüşük ki, tələbat azaldıqda belə qiymətlərdə enmə baş vermir. Əksinə, son beş ildə qiymət artımı artıq davamlı tendensiyaya çevrilib və bunun bariz nümunələrini müşahidə etmişik.

Alternativ nəqliyyat imkanlarının zəif olduğu ərazilərdə isə qiymətlər daha ciddi təsirlənə bilər. Çünki metro fəaliyyət göstərmədiyi halda avtobus marşrutları və digər nəqliyyat imkanları olan ərazilərdə kirayə qiymətləri baxımından təsir o qədər də hiss olunmayacaq”.
 
Günay İlqarqızı

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->