Xəbər lenti

Siyasət 15:53 06.12.2023

Moskvada Bayramov-Abdullahyan görüşü: Problemlər bitəcəkmi?

"İranın səmimiliyindən danışmaq hələ ki, tezdir".

Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev Moskvada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin görüşü fonunda Azərbaycan və İran xarici işlər nazirlərinin ikitərəfli görüşünü şərh edərkən deyib.

Elşən Mustafayev deyib ki, İranın müxtəlif səviyyəli rəsmilərinin Azərbaycan rəsmilərilə görüşləri son zamanlar mütəmadi hal alıb:
 


"İran hərbi dəniz qüvvələrinin komandanı ölkəmizə gəldi. Ardınca da İran və Azərbaycan XİN rəhbərlərinin Moskvada görüşü oldu. Bunlar onu deməyə əsas verir ki, İran əvvəllər baş vermiş narazılıqları bir qədər yumşaltmaq istəyir. Amma İranın səmimiliyindən danışmaq hələ ki, tezdir. Çünki Tehran hələ də Azərbaycanla bağlı yürütdüyü siyasətindən əl çəkməyib. Ölkəmizə münasibətdə Tehranda son zamanlar yaranan pozitiv məqamlar Ermənistanla sülh müqaviləsinin imzalanmasının uzanmasından dolayı Bakının Qərblə yaranan soyuqluğundan istifadə edərək Azərbaycanla yaxınlaşmaq cəhdi kimi dəyərləndiriməlidir. Amma Qərbin son bəyanatları da göstərir ki, onlar Azərbaycanla münasibətləri yumşaltmaqda maraqlıdır”. 

Ekspert bildirib ki, Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması o qədər də vacib deyil:

"Bu sayaq açıqlamalar da İrana ölkəmizlə isti münasibətlər qurmaqla bağlı müəyyən əl verir. Bir sözlə, son zamanlar İran tərəfindən ölkəmizə münasibətdə pozitiv notlar görünür. Lakin onun hara qədər davam edəcəyini indidən demək olmaz. İran televiziyaları hələ də Azərbaycan dövlətininin adını çəkmir. Bu da onu göstərir ki, cənub qonşumuz amalında o qədər də səmimi deyil". 

Qeyd edək ki, Moskvada Xəzəryanı ölkələrin baş diplomatlarının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında ikitərəfli görüş də baş tutub. Görüşdə ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də aktual regional məsələlər müzakirə edilib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->