XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yaxın Şərq yanır: Azərbaycan nə qazanacaq? (ŞƏRH)
Siyasət13:58 10.09.2026

Yaxın Şərq yanır: Azərbaycan nə qazanacaq? (ŞƏRH)

Yaxın Şərqdə müharibə artıq yalnız İranla ABŞ arasında savaş deyil. Hörmüz boğazında yaşananlar dünya iqtisadiyyatının damarlarına toxunur. Neftin 100 dollardan yuxarı qalxması bunun ilk siqnalıdır.

İranın Hörmüz yaxınlığında gəmilərə hücumu, ABŞ-ın İranın neft tankerlərinə zərbələri qarşıdurmanı yeni mərhələyə keçirib. Əvvəllər bu boğazdan keçən enerji daşıyıcılarının sayı dünya bazarının sabitliyi üçün həlledici idi. İndi həmin marşrutun təhlükəyə düşməsi bütün hesablamaları dəyişir.

Əsas sual isə budur - müharibə nə qədər davam edəcək?

Vaşinqtondan gələn açıqlamalar qısa müharibə ssenarisini zəiflədir. Donald Tramp qarşıdurmanın ABŞ-da noyabr seçkilərindən sonraya qədər uzana biləcəyini istisna etmir. Bu, hərbi əməliyyatların artıq daxili siyasi hesablamalarla da əlaqələndiyini göstərir.

Azərbaycan üçün isə məsələ daha həssasdır. Biz İranla qonşuyuq, Türkiyə ilə strateji müttəfiqik, İsraillə münasibətlərimiz var. Üstəlik, enerji və nəqliyyat layihələrimiz regiondakı sabitlikdən birbaşa asılıdır. Ona görə Bakının qarşısında ən mühüm vəzifə müharibəyə emosional münasibət göstərmək yox, milli maraqları maksimum soyuqqanlılıqla qorumaqdır.

Bu böhranın Azərbaycan üçün həm təhlükəsi, həm də imkanı var. Neftin bahalaşması ixracatçı ölkə kimi Azərbaycanın gəlirlərini artıra bilər. Lakin uzunmüddətli müharibə logistikanı bahalaşdırır, investisiya risklərini artırır və regiondakı qeyri-müəyyənliyi dərinləşdirir.

Daha vacib məsələ isə nəqliyyatdır. Hörmüz və Bab əl-Məndəb kimi əsas marşrutların riskə çevrildiyi bir vaxtda Transxəzər dəhlizinin əhəmiyyəti artır. Dünya alternativ enerji və ticarət yolları axtaracaq. Azərbaycan isə həmin alternativlərin üzərində dayanır.

Deməli, Azərbaycanın əsas strateji üstünlüyü yalnız neft deyil, coğrafiyadır. Bakı üçün Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi də məhz buna görə əhəmiyyətlidir.

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı, Transxəzər marşrutlarının güclənməsi və Qarabağda Böyük Qayıdış eyni böyük strategiyanın ayrı-ayrı elementləridir, Azərbaycanın regionun iqtisadi və nəqliyyat xəritəsində çəkisini artırmaq əsas hədəfdir.

Böyük güclər müharibə aparır. Azərbaycan isə bu müharibənin nəticələrini hesablamalıdır.Ən düzgün siyasət budur -emosiyadan uzaq durmaq, bütün kanalları açıq saxlamaq və yaranan hər geosiyasi dəyişiklikdən milli maraqlar naminə istifadə etmək.

Region yenidən dəyişir. Məsələ Azərbaycanın dəyişib-dəyişməməsi deyil, dəyişən regionda Azərbaycan nə qədər güclü mövqe tuta biləcəyidir. Rəsmi Bakı bu çətin oyunda heç də kiçik olmayan uğurlar qazanır...

Siyasət şöbəsi