Xəbər lenti

Müharibə Xəzər dənizinə sıçradı: Azərbaycan üçün təhlükə varmı? (RƏY)
Dünya 13:21 20.12.2025

Müharibə Xəzər dənizinə sıçradı: Azərbaycan üçün təhlükə varmı? (RƏY)

"Xəzərdə baş verən bu hadisələrin Azərbaycana hər hansı bir təhlükəsi yoxdur. Təhlükə o halda ola bilər ki, Rusiya xaotik şəkildə buraxdığı dronlarla ölkəmizə də hansısa problemlər yaşatsın".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ukrayna Ordusunun Rusiyanın Xəzər dənizindəki obyektlərinə endirdiyi zərbə nəticəsində müharibənin həmin əraziyə də keçməsinin Azərbaycan üçün yarada biləcəyi təhlükələrdən danışarkən deyib.  

Ekspert qeyd edir ki, Ukraynanın son günlər Rusiyaya məxsus obyektləri, neft platformaları və gəmiləri vurması iki ölkə arasında dördüncü ilə yaxınlaşan müharibənin acı nəticələridir: 

"Xəzər dənizinin də müharibə arealına çevrilməsi əlbəttə ki, xoşagəlməz hadisədir. Amma baş verən bu olayların Azərbaycan üçün hər hansı bir təhlükəsi yoxdur. Bu günə qədər Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi dronların bəziləri Polşa, Rumıniya, Baltik ölkələri, hətta Türkiyə ərazisində görünüb".
 


Həmsöhbətimiz düşünür ki, ABŞ-ın Rusiyanın hərəkətlərinə göz yumması bu cür xoşagəlməz hadisələrə gətirib çıxarır: 

"Bir vaxtlar sülh dənizi olan Xəzər dənizində indi təəssüf ki, karbohidrogen, enerji resursları, platformalar, gəmilər atəşə məruz qalır. Ukrayna məcburiyyət qarşısında qalıb işğalçıya qarşı bu cavab addımlarını atır. Çünki Rusiya Xəzər dənizi üzərindən də Ukrayna ərazisinə dəfələrlə zərbələr endirib".

Qeyd edək ki, Ukrayna ötən gün Xəzər dənizində Rusiyanın hərbi gəmisini vurub. Bildirilir ki, Ukraynanın Müdafiə Qüvvələri Xəzər dənizində Rusiyaya məxsus 22460 layihəli "Oxotnik” hərbi gəmisini məhv edib. Gəmi Xəzər dənizində neft-qaz hasilatı platformasının yaxınlığında patrul xidməti həyata keçirirdi. Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində, "Lukoyl” şirkətinə məxsus Filanovski adına neft-qaz yatağında yerləşən burğu platformasını da vurub. Bu platforma neft və qaz hasilatını təmin edir və Rusiya təcavüzkar ordusunun ehtiyacları üçün istifadə olunurdu. Bütün bunlar isə iki ölkə arasında müharibənin Xəzər dənizinə də keçdiyini göstərir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->