Azərbaycanda qiymətləndirmə sahəsində aparılan islahatların davam etdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yeni təşəbbüs irəli sürülüb.
Qayanrinfo-nun məlumatına görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyəti sədrinin müavini Nail Həşimov bildirib ki, 2023-cü ildə qüvvəyə minən "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanun mühüm addım olsa da, onun tətbiqi zamanı bir sıra problemlər ortaya çıxıb.
Onun sözlərinə görə, qanunun qəbulundan gözləntilər peşənin nüfuzunun artırılması, rəqabətin genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi olsa da, praktik tətbiq bu məqsədlərin tam reallaşmadığını göstərib.
N.Həşimov hesab edir ki, hazırda sektorda əsas problemlərdən biri rəqabət mühitinin zəifləməsi ilə bağlı narahatlıqlardır. O bildirib ki, bazarın bəzi seqmentlərində bərabər fəaliyyət imkanlarının tam təmin olunmaması barədə peşəkar ictimaiyyətdə fikirlər mövcuddur.
AQC rəsmisi Qiymətləndiricilər Palatasının fəaliyyətinin daha şəffaf və hesabatlı olmasının vacibliyini də vurğulayıb. Onun fikrincə, qurum bazarın bütün iştirakçılarını birləşdirən peşəkar platformaya çevrilməlidir.
Nail Həşimov bildirib ki, vəziyyətin yaxşılaşdırılması üçün qanunun tətbiqindən irəli gələn problemlər təhlil edilməli, zərurət yaranacağı təqdirdə qanunvericiliyə dəyişikliklər edilməlidir. O, həmçinin bazarda sağlam rəqabətin gücləndirilməsi, alternativ peşəkar özünüidarəetmə institutlarının yaradılması imkanlarının nəzərdən keçirilməsi və Türkiyənin qiymətləndirmə sahəsindəki idarəetmə modelinin öyrənilməsinin faydalı ola biləcəyini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yaxın vaxtlarda qiymətləndirmə sektorunun mövcud vəziyyəti ilə bağlı geniş ictimai müzakirələr, dəyirmi masalar və peşəkar forumlar təşkil etməyi planlaşdırır. Hazırlanacaq qanunvericilik və institusional islahat təkliflərinin aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyi bildirilib.
Şərhlər