NATO XXI əsrin real döyüş qabiliyyətinə malik gücünə çevrilmək üçün dərindən modernləşməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider”ə
müsahibəsində NATO-nun Birləşmiş Qüvvələrinin Transformasiya üzrə Ali Baş Komandanı, admiral Pyer Vandye bildirib.
Onun sözlərinə görə, alyans bərabər gücə malik düşmənlə simmetrik qarşıdurmaya hazırlaşmaqda geri qalıb:
"Biz simmetrik müharibənin əsas prinsiplərini unutmuşuq. Elə buna görə də bu sahəyə yenidən investisiya qoymalıyıq”.
Admiral qeyd edir ki, onilliklər ərzində müdafiə sənayesinin zəifləməsi NATO ölkələrini texnoloji və istehsal baxımından zəif duruma salıb. Müasir hərbi platformaların – gəmilər, təyyarələr, raketlər – istehsalı illər çəkir. Məsələn, bir ədəd F-35 qırıcı təyyarəsinin istehsal dövrü təxminən 18 ay davam edir.
Admiral Vandyenin fikrincə, 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi NATO üçün siqnal funksiyası daşıyıb. Alyansa üzv olan, xüsusən də şərq və şimal cinahında yerləşən ölkələr müdafiə xərclərini kəskin artırıblar.
Lakin Vandye hesab edir ki, bu, yetərli deyil:
"Bu, sürət məsələsidir. Əgər döyüşlər NATO tam hazır olmamış başlamalı olsa, bu, bizim üçün ciddi problemlər yaradacaq”.
Hazırda NATO üzvləri:
• Müdafiə büdcələrini artırır,
• Baltikyanı ölkələr və Polşa kimi sərhəd bölgələrdə hərbi mövcudluğu gücləndirir,
• Orduların döyüş hazırlığını artırır,
• Alyansın struktur modernizasiyasını həyata keçirir.
Amma yüksək səviyyəli NATO rəsmilərinin sözlərinə görə, bu addımlar tammiqyaslı və sürətli eskalasiyaya əsaslanan müharibə üçün hələ də kifayət deyil.
Rusiya hazırda NATO tərəfindən bir nömrəli hərbi təhlükə kimi qiymətləndirilir. Qərbdə narahatlıq var ki, Kreml Ukraynada uğur qazanacağı təqdirdə Baltikyanı ölkələrə, Polşaya və ya Finlandiyaya hücum edə bilər.
Vandye sonda xəbərdarlıq edir:
"Məsələ təkcə maliyyə deyil. NATO-nun transformasiyası üçün siyasi iradə və strateji düşüncə də lazımdır”.
Bu, NATO-nun yalnız müdafiə deyil, çevik və hazır hücum qüvvəsinə çevrilməsi zərurətini gündəmə gətirir.
Alpər
Şərhlər