Xəbər lenti

Siyasət 14:00 07.01.2024

Naxçıvan üçün Kalininqrad modeli? - "Ən əlverişli variant budur"

"Ölkəmiz üçün yeganə əlverişli variant Kalininqrad modelidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Zəngəzur dəhlizilə bağlı Kalininqrad modelini önə çəkməsini şərh edərkən deyib.

Zərdüşt Əlizadə qeyd edib ki, fərqli dövrlərdə müxtəlif modellər mövcud olub:

"Vaxtilə, Sovet İttifaqı modeli var idi. Bu model fonunda respublikalar arasında heç bir sərhəd, gömrük maneəsi yox idi. Digər model Avropa İttifaqı modelidir ki, o da SSRİ modelinə oxşayır. Demək olar ki, birlik üzvləri arasında heç bir maneə, nəzarət yoxdur. Çünki vahid iqtisadi, siyasi, maliyyə, hüquqi məkandır. Azərbaycanla Gürcüstan arsında strateji müttəfiqlik münasibətləri olsa da, iki ölkə sərhədi keçilən zaman hər iki tərəfdən sərhəd, gömrük var gücü ilə işləyir və bu zaman sərnişinlər xeyli yoxlamalardan keçməklə əziyyət çəkir. Kalininqrad anklavına gəlincı, onunla bağlı Litva ilə Rusiya dəhlizin yaradılması ilə bağlı müqavilə imzalayıblar. Ona əsasən Rusiyadan gələn sərnişin, yük qatarları Litva sərhədinə qədər adi şəkildə gəlir. Litva sərhədinə çatanda isə qalan yolu qatar heç bir yerdə dayanmadan bütün qapı və pəncərələri bağlanılmaqla Kalininqrada doğru hərəkət edir. Həmin qatarlar yalnız Kalininqrad sərhədini keçəndən sonra yenidən adi qaydada hərəkət edir". 
 


Politoloq deyib ki, Bakının Kalinqrad variantını təqdim etməsinin də səbəbləri var:

"Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında 44 km məsafə var. Bakı da bu fonda Kalininqrad variantını təklif edir. Bu zaman da bütün yol boyu  heç bir qapı, pəncərə açılmayacaq, sərnişin və yüklər yoxlanılmayacaq. Azərbaycan bu zaman Ermənistan ərazisindən yalnız tranzit yolu olaraq istifadə edəcək. Güman ki, bu istiqamətdə də razılığa gələcəklər. Ölkəmiz üçün yeganə əlverişli variant Kalininqrad variantıdır. Eyni rejimlə Ermənistandan gələn qatarlar da Azərbaycandan 500 km məsafə qət etməklə Rusiyaya yan ala bilərlər".

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung” qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirə biləcək yola aid mövqeləri ifadə edib. O bildirib ki, ölkəsi malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvan MR-ə daşındığı zaman azad edilməsini gözləyir:

"Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq”. 

Prezidentin köməkçisi Kalininqrad modelindən da danışıb:

"Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq ”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->