Ekspertlərin fikrincə, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar ciddi təsir gücünə malik olsa da, onların Vladimir Putinin hərbi məqsədlərinə dərhal təsir göstərəcəyi gözlənilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News” yazır.
Analitiklər qeyd edirlər ki, Putin uzun müddətdir Donald Tramp administrasiyasının sərt mövqe tutmaq cəhdlərini ustalıqla pozub. "Lakin Budapeşt sammitinin pozulması son zərbə oldu”, deyə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin baş elmi əməkdaşı Mariya Sniqova bildirib.
"Administrasiya nəhayət qərara gəldi ki, Putinə təzyiq göstərmək üçün təkcə "yerkökü" yetərli deyil, "dəyənək" də lazımdır. Məncə, bu sanksiyalar çoxdan atılmalı addım idi. Gec də olsa, doğru istiqamətdə atılmış ilk addım kimi dəyərləndirilə bilər”, deyə Sniqova vurğulayıb.
"Bu sanksiyalar hər hansı şəraitdə Putin üçün pis xəbər olardı, lakin hazırkı şəraitdə onların təsiri daha ciddi görünür”, deyə Beynəlxalq Münasibətlər Şurasının baş elmi əməkdaşı Stiven Sestanoviç bildirib.
Onun sözlərinə görə, son aylarda Rusiyanın iqtisadi vəziyyəti xeyli pisləşib: neft və yanacaq ixracından gəlirlər azalıb, inflyasiya davam edir, iqtisadi artım tempi isə aşağı düşüb.
"Son illərdə iqtisadi artım nisbətən yaxşı idi, buna görə də o vaxt sanksiyaların təsiri bu qədər güclü olmazdı. Amma indi bu, Putinin arzulamadığı əlavə bir başağrısıdır”, deyə Sestanoviç əlavə edib.
Ekspertlər hesab edirlər ki, sanksiyaların real təsiri ABŞ-ın atacağı əlavə addımlardan, xüsusilə də rus neftini alan ölkə və şirkətlərə qarşı tətbiq ediləcək ikinci dərəcəli sanksiyalardan asılı olacaq. Yeni məhdudiyyətlərin nəticələri 21 noyabrda qüvvəyə mindikdən sonra daha aydın görünəcək.
Analitiklər ümumilikdə razılaşırlar ki, sanksiyalar "möcüzəvi həll” deyil və Ukraynaya hərbi və maliyyə dəstəyin artırılması ilə müşayiət olunmalıdır.
"Hamı hazır olmalıdır ki, ruslar Ukraynaya qarşı hücumlarında daha qəddar davranacaqlar”, deyə Sestanoviç xəbərdarlıq edib.
O, həmçinin qeyd edib: "Rusiyalılar başa düşməlidirlər ki, vəziyyət onlar üçün yalnız pisləşəcək. Putin uzun müddət səbirli, bəzən isə özünüaldadan bir siyasət yürüdüb, düşünərək ki, nə vaxtsa Ukrayna müdafiə xəttini yaracaq, ya da Qərb birliyində parçalanma baş verəcək. Siyasət elə qurulmalıdır ki, Putin bu xülyalarla yaşamasın".
Aydın
Şərhlər