Cümə günü neft qiymətləri 13% artaraq, demək olar ki, beş ayın ən yüksək səviyyəsinə çatdı. Bu, İsrailin İrana zərbələr endirməsindən sonra Yaxın Şərqdə gərginliyin artması və neft təchizatında fasilələrdən qorxu yarandığı üçün baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi
yazır.
Brent markalı neftin fyuçersləri \$6,29 (9,07%) qalxaraq barelə görə \$75,65-ə yüksəldi, gündüzün maksimumu isə \$78,50 oldu — bu, 27 yanvar tarixindən bəri ən yüksək səviyyədir. ABŞ-ın WTI nefti isə \$6,43 (9,45%) bahalaşaraq \$74,47 səviyyəsinə çatdı, gündüz maksimumu \$77,62 ilə 21 yanvar tarixindən bəri ən yüksək qiymət olub.
Saat 10:22-yə olan məlumatlara görə, neft qiymətləri gündəlik 13%-lik artımla 2022-ci ilin mart ayından bəri ən böyük sıçrayışı göstərib.
Bu, hər iki neft növü üçün 2022-ci ildən bəri ən böyük qiymət artımıdır — həmin vaxt Rusiya-Ukrayna müharibəsinin başlanması enerji qiymətlərində kəskin yüksəlişə səbəb olmuşdu.
İsrail bildirib ki, İranın nüvə obyektlərinə, ballistik raket fabriklərinə və hərbi komanda mərkəzlərinə zərbələr endirib və bununla da Tehranı nüvə silahı əldə etməkdən saxlamaq məqsədilə "uzunmüddətli əməliyyat” başladıb.
ING analitikləri, o cümlədən Uorren Pattersona rəhbərlik etdiyi komanda qeyd edir ki, "bu, geosiyasi qeyri-müəyyənliyi əhəmiyyətli dərəcədə artırıb və neft bazarı potensial təchizat fasilələrinin riskini qiymətə daxil etməyə məcbur olur”.
Sinqapurda bir neçə neft treyderi bildirib ki, hələlik bu hücumun Yaxın Şərqdən neft təchizatına təsiri barədə dəqiq danışmaq tezdir — bunun İrandan veriləcək cavab və ABŞ-ın müdaxiləsindən asılı olacağı vurğulanır.
Bir treyder deyib: "Hələ qiymətləndirmək tezdir, amma bazar Hürmüz boğazının bağlanacağından qorxur”.
MST Marquee şirkətinin baş analitiki Sol Kavonik bildirib ki, neft təchizatı yalnız İranın bölgənin neft infrastrukturlarına cavab zərbələri endirməsi halında ciddi zərər görəcək.
O əlavə edib ki, ən pis halda İran infrastrukturu vurub və ya Hürmüz boğazını bağlayaraq gündə 20 milyon barelədək nefti dayandıra bilər.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana "önləyici zərbə” endirib, bununla da İranın nüvə proqramını zəiflətmək və hərbi obyektlərinə zərbə vurmaq məqsədi güdüb.
Alpər
Şərhlər