Siyasət 14:48 18.02.2023

Nəzərlər Münhendə: Əliyev-Paşinyan görüşü nə vəd edir? (ŞƏRH)

"Belə bir görüş yenidən təşkil olunarsa, postmüharibə dövrünün həllini gözləyən məsələlərilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması və möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Münhen Təhlükəsizlik Konfransı və Azərbaycan Prezidentinin orada keçirdiyi görüşləri şərh edərkən deyib. Millət vəkili bildirib ki, panel görüşləri sülh müqaviləsi istiqamətində də müəyyən irəliləyişlərə təkan verə bilər: 
 
"Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər və energetika nazirləri iştirak edir. Bu konfransı çox zaman Davos İqtisadi Forumu ilə müqayisə edirlər. Davos Forumunda dünyanı narahat edən iqtisadi məsələlər ön planda olursa, Münhen Konfransında isə daha çox dünyanın siyasi, hərbi elitası bir araya toplanır və siyasi-təhlükəsizlik məsələlərini müzakirə edirlər. 
 


2020-ci ildə baş tutan Münhün Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentilə Ermənistan baş naziri arasında görüş keçirildi. Bu zaman onlar arasında aparılan müzakirələrin təhlili o qənaətə gəlməyə əsas verdi ki, Azərbaycan Prezidenti İlham Əliyev dünya səviyyəli, Paşinyan isə lokal səviyyəli siyasətçidir. Azərbaycan Prezidentinin orada səsləndirdiyi fikirlə faktlara, arqumentlərə, təkzibedilməz dəlillərə əsaslandığı halda, Paşinyan ilyuziyalar əsasında fikir söyləyirdi. Belə bir görüş yenidən təşkil olunsa, hesab edirəm ki, postmüharibə dövrünün həllini gözləyən məsələlərilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması və möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək. 

Səfər çərçivəsində İlham Əliyev çoxsaylı görüşlər keçirib. Bu görüşlər zamanı Prezident ölkəmizin enerji sahəsində atdığı addımları, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni diqqət mərkəzində saxlayıb. O, həmçinin ölkəmizin İrəvanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. 

Münhem Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək panel görüşü və İlham Əliyevin də orada iştirakı fonunda hesab edirəm ki, ilk növbədə postmüharibə dövrünün reallıqlarının nədən ibarət olması, Azərbaycanın hansı strateji vəzifələri icra etdiyi, ölkəmizin regionda sülh üçün hansı addımları atdığı və beynəlxalq təhlükəsizliyə verdiyimiz töhfənin nədən ibarət olduğu, enerji təhlükəsizliyində Azərbaycanın Avropa məkanında yeni alternativ enerji mənbəyi kimi əhəmiyyəti, yaşıl enerji ilə bağlı ölkəmizin mövcud potensialı kimi məsələlər diqqət mərkəzində saxlanılacaq. 

Panel görüşləri sülh müqaviləsi istiqamətində də müəyyən irəliləyişlərə təkan verə bilər. Bakı İrəvana sülh müqaviləsi şərtlərini təqdim edib. Azərbaycan dəfələrlə qeyd edib ki, Qarabağ ermənilərinin taleyi məsələsi Bakının daxili məsələsidir, heç kim kənardan ona müdaxilə edə bilməz. Digər etnoslar hansı hüquq və azadlıqlara malikdirsə, Azərbaycanda ermənilər də eyni səviyyədə hüquq və azadlıqlara malik olacaqlar”. 

Rüfət Sultan