Kaliforniya Universitetinin San Dieqo kampusundan və Merilend Universitetindən olan tədqiqatçılar müəyyən ediblər ki, bəzi peyk rabitə kanalları hələ də məlumatları şifrələmədən açıq şəkildə ötürür. Onların araşdırması peyk əlaqələrinin təhlükəsizliyində ciddi boşluqları üzə çıxarıb.
Qaynarinfo xəbər verir ki, eksperiment üçün ümumi dəyəri cəmi 600 dollara yaxın olan avadanlıqdan istifadə olunub. Nəticələr, alimlərin öz ifadəsilə "narahatedici" olub.
Professor Aaron Şulman "Wired” nəşrinə müsahibəsində bildirib: "Biz düşündük ki, hər şey şifrələnib. Lakin hər dəfə yeni siqnal tutduqda məlum olurdu ki, bu belə deyil".
Tədqiqat qrupu üç il ərzində adi məişət peyk antenasını geostasionar peyklərə yönəldərək siqnalları qeydə alıb.
Qəbuledici və TV-tuner vasitəsilə alimlər ABŞ-da "T-Mobile” provayderinin abunəçilərinə məxsus telefon danışıqlarının və mesajların fraqmentlərini, təyyarələrdəki bort "Wi-Fi” məlumatlarını, eləcə də neft platformaları və elektrik stansiyalarından göndərilən xidməti siqnalları ələ keçiriblər. Daha təhlükəlisi, toplanan məlumatlar arasında hərbi və polis əlaqələri də olub – bəzi hallarda texnikanın və obyektlərin koordinatları açıq şəkildə görünüb.
Doqquz saatlıq yazı seanslarından birində tədqiqatçılar 2700-dən çox "T-Mobile” istifadəçisinin nömrələrini və yazışmalarını müşahidə ediblər. Lakin bu, yalnız daxil olan məlumatlara aid olub – yəni onların öz cihazlarından göndərilən mesajlar izlənməyib.
Tədqiqatın həmmüəllifi professor Dav Levin etiraf edib ki, əvvəlcə bunun qanun pozuntusu ola biləcəyindən narahat olub, lakin komanda yalnız açıq siqnalları passiv şəkildə qəbul etdiyindən, bu fəaliyyət tam qanuni sayılır.
Alimlərin sözlərinə görə, San Dieqodan yalnız fəaliyyət göstərən peyklərin təxminən 15 faizinin siqnallarını tutmaq mümkün olub, amma bu, onlarla açıq rabitə kanalını aşkar etmək üçün kifayət edib. Tədqiqatçılar qeyd edirlər ki, bu boşluq kütləvi xarakter daşıya bilər, çünki bir çox operatorlar sadəcə ümid ediblər ki, heç kim yuxarı baxmayacaq.
Araşdırmanın nəticələri dərc edildikdən sonra alimlər məlumat ötürən şirkətləri və agentlikləri xəbərdar ediblər. "T-Mobile”, "Walmart” və "KPU” kimi bəzi qurumlar problemi artıq aradan qaldırıblar, lakin bir sıra operatorlar hələ də məlumatları açıq şəkildə yayımlamağa davam edirlər.
Qeyd edək ki, bundan əvvəl İlon Maskın "Starlink” peyklərinin xidmət müddəti bitdikdən sonra Yerə təhlükəli tezliklə düşməyə başladığı bildirilmişdi. Bu peyklər təxminən beş il fəaliyyət göstərir və xüsusi olaraq Yer atmosferində tamamilə yanacaq şəkildə layihələndirilib.
Aydın
Şərhlər