Siyasət 17:51 03.06.2022

Nəzərlər Təbrizə yönəlib: İnqilab beşiyi aksiyalara qoşulacaqmı?

İranda etiraz aksiyalarının qarşıdurma müstəvisinə keçdiyi ərəfədə ölkə Prezidenti İbrahim Rəisinin Təbrizə səfəri müzakirələrə səbəb olub. Təbrizin hava limanında media nümayəndələrinə açıqlama verən Rəisi bundan öncə Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində olduğu kimi yarımçıq layihələrin tamamlanması məsələsinin həllinə çalışacağını deyib. Onun sözlərinə görə, uzun müddətdir yarımçıq qalan Miyana-Təbriz dəmir yolu, Araz çayından Təbrizə su kəmərinin çəkilməsi, Araz İqtisadi Məntəqəsi, Urmu gölünün bərpası və başqa bu kimi yarımçıq layihələrin tamamlanması əsas məqsəddir. Lakin ekspertlərin fikrincə, Rəisinin Təbriz səfəri İranı bürüyən etiraz dalğası ilə bağlıdır. 

İrandakı prosesləri dərindən izləyən araşdırmaçı-jurnalist Fikrət Fərəməzoğlu Qaynarinfo-ya bildirib ki, İbrahim Rəisinin etiraz aksiyaları keçirilən Abadan və cənub əyalətlərinə deyil, Təbrizə səfər etməsi heç də hansısa infrastruktur layihələrlə bağlı deyil:



"Səfər son günlər yaşanan gərginliklər və etirazların qarşısını almaq məqsədi daşıyıb. Nəzərə alaq ki, Təbriz təkcə siyasi deyil, həm də ölkənin iqtisadi mərkəzidir. 

Azərbaycan əyalətlərində də durum yaxşı deyil. Yetərli qədər sosial-iqtisadi problemlər mövcuddur və insanlar getdikcə bahalaşma, hökumətin lazımi tədbirlər görməməsinə etiraz edirlər. Rəisinin səfərinin əsas məqsədlərindən biri odur ki, nə yolla olursa, olsun Təbrizi sakitləşdirməlidir. Çünki İranda son 100 ildə 4 dəfə inqilab etmiş şəhər, növbəti dəfə də ayağa qalxarsa, prosesin qarşısını almaq bir kənara, rejimin dəyişilməsi qaçılmaza çevriləcək. Eyni zamanda, son zamanlar İranın cənub əyalətlərində başlayan aksiyaların təşkilatçıları Azərbaycan türklərinə davamlı olaraq müraciət edərək, onların da etirazlara qalxmasını və dəstək verməsini istəyiblər. Abadan, Əhvaz, Bəndər Abbas, İsfahan, Kirmanşah və Tehranda yaxşı bilirlər ki, Təbriz olmadan İranda hər hansı ciddi dəyişikliyə nail olmaq mümkün deyil. Elə hakimiyyət də bunu yaxşı bilir və bu səbəbdən də Təbrizi neytrallaşdırmağa çalışır”. 

2009-cu ildə İranda keçirilən prezident seçkilərini xatırladan Fikrət Fərəməzoğlu deyib ki, seçkilərin saxtalaşdırılmasına etiraz edən Tehran əhalisi bir neçə gün davam edən aksiyalara rəğmən, heç bir nəticəyə nail ola bilməyib. Bunun səbəbi isə Təbriz əhalisinin prosesə qoşulmaması olub:

"Bəzi iddialara görə, həmin vaxt küçəyə 1 milyondan çox insan çıxmışdı. Onların etirazlarının nəticə verməməsinin başlıca səbəbi Təbriz əhalisinin Musəvini deyil, Əhmədinejatı dəstəkləməsi idi. Yəni, şəhər Tehrana dəstək vermədi və ölkədə siyasi vəziyyəti dəyişmək mümkün olmadı. İndi də durum eynidir. Yenə etirazlar var, bir çox şəhərlərdə aksiyalar keçirilir. Tehranda da ciddi hərəkətlilik mövcuddur. Amma Təbriz hələ də gözləmə mövqeyindədir. Daha doğrusu, Təbirzdə də hərəkətlilik var, lakin bununla paralel gözləntiləri də az deyil. Qeyd edim ki, Təbrizin neytrallaşdırılması üçün Tehranın atıdığı konkret addımlar var. Yəni, bu zaman hər hansı bir başqa vasitələrdən istifadə olunmur. Hələ bir neçə il bundan əvvəl, Həsən Ruhani dönəmində Təbrizdə kiçik bir hərəkətlənmə başlamışdı. O zaman nəinki Ruhani, hətta Xamineyinin ofisinin bütün aparıcı fiqurları Təbrizə gələrək, şəhərin idarəçiliyini qeyri-rəsmi həyata keçirən tacirlərlə görüş keçirmişdilər. Ardından da Təbrizə ticarət və iqtisadiyyatın inkişaf etdirilməsi məqsədi ilə bir neçə milyard dollar ayırdılar. Həmin bu yardımlardan sonra proses səngidi. Güman ki, Rəisi də eyni taktikanı seçib. Çünki Təbrizi sakitləşdirməyin, onu neytrallaşdırmağın tək yolu şəhər burjaziyasının tələblərini yerinə yetirmək, şəhərə daha çox investisiya ayırmaq, abadlaşdırma və quruculuq işlərinə çoxlu pul sərf etməkdən keçir. Amma indiki məqamda bu yardımların fayda verib, verməyəcəyini dəqiq demək də çətindir. Mümkündür ki, Rəisinin görüşü heç bir fayda verməsin. Çünki İranda başlayan proseslər artıq sosial-iqtisadi mahiyyətini itirərək, siyasi mübarizəyə çevrilməyə başlayıb. Bu isə əlavə problem və daha böyük etiraz dalğasının başlaması deməkdir”.

Seyid