Xəbər lenti

Niyə Azərbaycanda hələ də milli soyadları məsələsinə laqeyd yanaşılır?
Ölkə 19:55 01.07.2025

Niyə Azərbaycanda hələ də milli soyadları məsələsinə laqeyd yanaşılır?

"Milli soyadları məsələsində imperativ şəkildə addımlar atılmasına ehtiyac var".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycanda hələ də milli soyadları məsələsinə laqeyd münasibətin sərgilənməsini şərh edərkən deyib.

Arzuxan Əlizadə bildirib ki, soyadların milliləşdirilməsi məsələsi milli təfəkkür məsələsidir:

"SSRİ dağılandan sonra bir çoxları şəxsi təşəbbüslər edərək, soyadlarının milliləşdirilməsi istiqamətində fərdi addımlar atmağa başladılar. O zaman bu istiqamətdə kampaniyaya da başladılar, cəmiyyətdə bununla bağlı çağırışlar da vardı. Amma bunlar imperativ şəkildə olmadı. Bu gün həmin istiqamətdə məhz imperativ şəkildə addımlar atılmasına ehtiyac var. Təəssüf ki, bir çoxları bu məsələyə dırnaqarası baxır. Hesab edirəm ki, bu heç bir halda qəbul edilən deyil".
 


Deputat deyir ki, məsələ ilə bağlı ilk növbədə Azərbaycan insanının özü qərar verməli, təfəkküründə dəyişiklik olmalıdır:

"Rusiyanın Azərbaycana sərgilədiyi mövqe bəllidir. Azərbaycanın başına gələn bəlaların böyük əksəriyyətinin kökündə Rusiya amili olub. Qarabağ problemi, onun 30 ilə yaxın işğal altında qalması, Xocalı faciəsi də Rusiya mənbələrindən qaynaqlanıb. Bütün bunların fonunda rus soyadlarının qalması, övladlarının oxumaq üçün rus məktəblərinə göndərilməsi barədə insanların verdiyi qərarlar milli kökə bağlı deyilsə, hesab edirəm ki, bu həmin insanların faciəsidir. Məsələnin ictimailəşdirilib, rəsmi formada imperativ şəkildə qərar verilməsinə ehtiyac var ki, heç olmasa bundan sonra doğulan övladlara milli soyadların verilməsi istiqamətində addımlar atılsın. Bu prosesi rahatlıqla həyata keçirmək imkanları da var. Təəssüf ki, onun kütləvi hal aldığını görmürük”. 

Qeyd edək ki, Azərbaycanda milli soyadlarına keçid məsələsi xeyli müddətdir ki, demək olar, unudulub. Müstəqilliyimizin ilk illərində bu tendensiya müəyyən qədər geniş vüsət alsa da, sonrakı dövrdə məsələ az qala arxa plana keçib. İnsanların əksəriyyəti hələ də sovet dövründən qalma soyadlarından imtina etmək istəmir.  

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->