Xəbər lenti

Övladımız bizə nə qədər güvənsin: Bu, hansı problemlərə yol aça bilər? (ŞƏRH)
Ölkə 15:10 09.01.2024

Övladımız bizə nə qədər güvənsin: Bu, hansı problemlərə yol aça bilər? (ŞƏRH)

(Yazı "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə hazırlanıb)

"Qız uşaqlarına həmişə deyirəm ki, həyatınızdakı ilk kişinin, yəni atanızın sizə olan münasibəti, sevgisi, davranışı gələcək həyatınızda böyük rol oynayacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Gülnar Orucova müasir Azərbaycan ailəsində ata və qız övladları arasında olan münasibət, bu münasibətin onların gələcək həyatına təsirləri haqqında danışarkən deyib. 

Psixoloq deyib ki, əgər qızlar həyatlarındakı ilk kişidən - atadan sevgini, diqqəti, qayğını almırsa, onu ömürboyu başqa insanlarda axtarmağa, tapmağa çalışır. 

"Bəzən bu sevgi uğrunda ölümə qədər gedirlər. Ona görə hər zaman atalara deyirəm ki, övladınızı o qədər sevin, həmin sevgini o qədər hiss etdirin ki, xüsusi ilə qızınız sevgi dilənçisi olmasın. Çünki qız uşaqları zamanında verilməyən sevginin yeniyetməlik dövründə axtarışına çıxırlar və bəzən də uyğunsuz insanla qarşılaşırlar. Elə bililər ki, məhz sevgi budur. Elə olur ki, ata-analar övladlarını sevir, amma onu göstərmirlər. Uşaqlar isə elə başa düşür ki, sevilmirlər. Lakin onlar çox sevilirlər, amma valideyn bunu göstərə bilmir. Hər bir zaman ata-ana qız uşağına sevgini göstərməli, uşaq da ata-anasına güvənməlidir, o düşünməlidir ki, atam var, arxam var. 

Bunu tək qıza aid etmək olmaz, elə oğlanlar da atalarından bu sevgini, güvəni görməlidir”. 
 


Gülnar Orucova deyir ki, uşaqlara sevgi, diqqət, qayğı, onlara kiçik yaşlarından verilməlidir:

"Uşaqların mənəvi zənginliyi üçün öncə valideynlər, daha sonra məkətəbə qədər təhsil müəsisəsi, məktəblər, universitetlər çalışmalıdr. Hər bir yaşda insan kiməsə söykənmək, güvənmək, arxalanmaq istəyir. İnsanın həyatında arxalanacağı atası anası, qardaşı, dostu olmasa, özünü aciz, zəif hiss edir. Motivasiyasında aşağılıq hiss olunur, həyata inamı, güvəni az olar, yaşamaq eşqi yüksək olmaz, ona görə mütləq insanın həyatında güvəndiyi bir insan olmalıdır.

Bu sevgini hiss edən uşaqlar daha özgüvənli olur. Özgüvənli uşaqlar da cəmiyyətdə sözünü deyə bilir, haqqını tələb edə bilir. Doğru, düzgün, ədalətli vətəndaş ola bilir. Ona görə də valideyn olaraq hər zaman övladımızın arxasında durmalıyıq, onların bizə güvəni tam olmalıdır. Biz övladımızı yalnız uğurları ilə qəbul etməli deyilik. Onlar səhv etsələr belə, səhvləri ilə qəbul etməli, səhvlərini düzəltməliyik. Bundan əlavə, övladlarımızı başqaları ilə də davamlı müqayisə etməməliyik. Əgər biz bu gün deyiriksə ki, övladımıza hər şeyi veririk, sabah bunun fəsadı ola bilər, boşanmalar olar, onlar böyüyəndə cəmiyyətdə, iş yerlərində sosiallaşa bilməzlər, insanlarla yola gedə bilməzlər, dil tapa bilməzlər və s. Lakin bu belə deyil. Unutmamlıyıq ki, hər bir sevgi görmüş uşaq gələcəkdə mərhəmətli insana çevrilir. İnsanın da ürəyində mərhəmət varsa, o heç vaxt ədəbsizlik, əxlaqsızlıq, yaramazlıq etmir”. 

Sosial işçi Sənubər Osmanova isə düşünür ki, bu gün heç də bütün ailələrdə kişilər qız övladlarına azadlıq vermir, düşüncələrinin arxasında dayanmır, onları dəstəkləmirlər:

"Bizim ölkədə də, dünyada da iki cür ailə - ənənəvi və modern ailə modeli var. Doğrudur, hazırda müasir ailələr də var. Bəzi müasir ailələrdə deyilir ki, mən öz övladımın arxasında dayanıram, onu həm maddi, həm mənəvi mövzuda dəstəkləyirəm. Biz bir növ şəxsiyyət, fərd olaraq fikirləşirik ki, valideyn öz övladının həyatın bütün sferalarında yanında olmalıdır. Burada problemin nə olmasına, miqyasına, valideynin nə dərəcədə övladının arxasında dayanmağına baxmaq lazımdır. Yəni məsələnin həlli problemə görə dəyişir”. 
 


Sənubər Osmanova deyir ki, müasir dövrdə uşaqlara çox azadlıq veririk, şəxsiyyət kimi formalaşmasını təmin etməyə çalışırıq. Bu bir az da uşaqlarda özbaşınalığa gətirə bilər:

"Amma valideynlər uşaqlara erkən yaşlarından prinsip qoysa, onun hansı məqama, hara qədər azadlıqlarının olduğunu vurğulasa, düşünmürəm ki, bu uşaqlarda hər şey özbaşınalığa qədər gedib çıxa. Biz onu da deyə bilmərik ki, uşaqların azadlığını əlindən almalıyıq, onun yerinə biz qərar verməliyik. Bu cür hallar da doğru deyil. Düşünürəm ki, bunu artıq valideynlər özləri tənzimləməyi bacarmalıdır ki, nə özbaşınalıq olsun, nə də uşaqların hüquqlarını pozaq”. 

"Müasir ailə modeli yoxsa ənənəvi ailə” sualına isə müsahibimiz cavab olaraq bildirib ki, biz Şərq cəmiyyətində yaşayırıq və Şərqlə Qərbin mədəniyyətinin birləşdiyi, toqquşduğu ərazidəyik. Hər ikisinin də özünəməxsus rəngarəngliyini, yaxşı xüsusiyyətlərini götürüb ailəmizdə cəmləşdirsək, daha yaxşı olar:

"Nə sırf ənənəvi ailə, nə də müasir ailə modeli demək doğrudur. Çünki bu bir radikal seçim ola bilər. Valideylər tərbiyəni başdan özü qurmalı, ailə prinsipini özü yaratmalıdır. Ondan sonra uşaqdan nəsə tələb etməlidir. Bunları etmədən uşaqdan nəsə gözləmək doğru deyil. Çünki cəmiyyətə çıxan uşaqlar təsir dairəsində olur, aşınmalar olur, parçalanmalar olur. Doğrudur, tərbiyə tək valideynin üzərinə düşmür, burada həm də cəmiyyətində rolu var. Ancaq valideynlər öz gücünü ortaya qoysa, uşaqların tərbiyəsinə sıfırdan başlasa, uşaqlardan da tələb etməyə haqqı olacaq. Uşağa həyatı öyrətmədən, ondan yetkin insan kimi davranmağı tələb etmək doğru olmaz. İndi müasir dövrdür, sosial şəbəkələr var. Hər şey açıq-aşkar ortadadır. Ona görə də valideynlər daha diqqətli olmalıdır”. 
Son olaraq həmsöhbətimiz bildirib ki, bəzən sərbəst böyüdülən qızlar, digər ailəyə düşəndə orda uyğunlaşma, anlaşma problemi yaşayır. Bəzən də bu, boşanmalara gətirir:

"Amma bunun əksi də olur, valideynlər sıxır, uşaqlar da belə olmaq istəmir, özbaşınalıqlar edir, valideynlərə yalanlar və s. danışır”. 

Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->