Dünya miqyasında süni intellektə münasibət kəskin şəkildə iki yerə bölünüb. Bəziləri bu texnologiyadan həyəcan duyarkən, digərləri ciddi narahatlıq içindədir.
Qaynarinfo xəbər verir ki, "Pew Research Center” tərəfindən aparılan son araşdırma bu fərqlərin miqyasını ortaya qoyub.
Süni intellektə milyardlarla dollar sərmayə yatıran və bu texnologiyanı inkişaf etdirən şirkətlər onun internetdən daha inqilabi olacağını iddia etsələr də, ictimai rəy çox da eyni fikirdə deyil. Əksər ölkələrdə insanlar həyəcanla deyil, qorxu ilə yanaşır. Ən çox narahatlıq ifadə edən ölkə isə ABŞ olub.
Tədqiqata görə, dünya üzrə iştirakçıların orta hesabla 43 faizi süni intellektdən həm həyəcan, həm də qorxu hissi keçirdiyini bildirib. Respondentlərin 34 faizi "daha çox qorxduğunu” söyləyib, yalnız 16 faiz isə "daha çox həyəcan duyduğunu” qeyd edib.
Qorxu səviyyəsi ölkədən ölkəyə dəyişir. ABŞ və İtaliyada iştirakçıların yarısı süni intellektdən narahat olduğunu bildirib. ABŞ-da həyəcan duyanların payı cəmi 10 faizdir. Kanadada bu göstərici 9 faizlə daha da aşağıdır.
Yalnız iki ölkədə həyəcan qorxudan üstün olub: İsraildə 21 faiz həyəcan, 29 faiz qorxu; Cənubi Koreyada isə 16 faiz həyəcan, 22 faiz qorxu bildirilib. Heç bir ölkədə böyüklərin üçdə birindən çoxu süni intellektdən həyəcan duymadığını deməyib.
Türkiyədə isə süni intellektdən narahat olanların payı 26 faizdir. Həm narahat, həm həyəcanlı olanlar 35 faiz, qorxmadan yalnız həyəcan duyanlar isə 19 faiz təşkil edir.
Araşdırma göstərib ki, ölkələrin gəlir səviyyəsi ilə süni intellekt haqqında məlumatlılıq arasında əlaqə var. Yüksək gəlirli ölkələrdə insanlar bu texnologiyanı daha yaxından tanıyır. Təhsil səviyyəsi də mühüm rol oynayır: az təhsilli şəxslər, yüksək təhsillilərlə müqayisədə süni intellektdən daha çox qorxur. İnterneti intensiv istifadə edənlər isə bu texnologiyanın həyatın hər sahəsinə daxil olmasına daha çox həyəcanla baxır.
Əksər iştirakçılar öz hökumətlərinin süni intellekti tənzimləyəcəyinə güvəndiyini bildirir. Məsələn, Hindistanda bu göstərici 89 faiz, İndoneziyada 74 faiz, İsraildə 72 faizdir. ABŞ-da isə əksinə — əhalinin 44 faizi hökumətə güvəndiyini, 47 faizi isə güvənmədiyini bildirib. Qeyd edilir ki, süni intellektə daha çox həyəcanla yanaşan ölkələrdə dövlətə inam da yüksəkdir.
"Süni intellekt iş yerlərini dəstəkləyəcək” fikri artıq dəyişir. "OpenAI” şirkətinin baş direktoru Sem Altman da daxil olmaqla bir çox rəhbər süni intellektin müəyyən peşələrin yox olmasına səbəb olacağını etiraf edir. Lakin sənaye nümayəndələri, ictimaiyyətin bu texnologiyaya qarşı hələ də ehtiyatlı münasibət göstərməsini təəccüblə qarşılayır.
Ümumilikdə, araşdırma insanların böyük hissəsinin süni intellektə ya laqeyd, ya da ehtiyatla yanaşdığını göstərir. Bununla belə, milyard dollarlıq texnologiya sektorunun bu qorxular səbəbindən istiqamət dəyişməsi real görünmür.
Aydın
Şərhlər