Xəbər lenti

Dünya 09:56 18.01.2024

Pakistan İran ərazisinə zərbələr endirdi, 7 nəfər öldü

Pakistan Hərbi Hava Qüvvələrinin İranın Sistan və Bəlucistan əyalətinin Seravan dairəsinə endirdiyi aviazərbələr nəticəsində 7 nəfər ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Fars” agentliyi əyalət qubernatorunun müavininə istinadən məlumat yayıb.

Sistan və Bəlucistan qubernatorunun təhlükəsizlik üzrə müavininin sözlərinə görə, partlayış nəticəsində 3 qadın və 4 uşaq həlak olub.

Bundan əvvəl Pakistanla sərhəddə yerləşən Seravan dairəsi, Sistan və Bəlucistan əyalətlərinin bir sıra ərazilərində partlayışlar baş verdiyi barədə məlumat yayılıb.

Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İran ərazisinə endirilən zərbələri təsdiqləyərək, onların məqsədinin terrorçuların sığınacaqları olduğunu bildirib.

Qeyd olunub ki, yanvarın 18-də səhər saatlarında Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq zərbələr endirib: "Nəticədə bir neçə terrorçu məhv edilib. İran daxilindəki sarmaçarlar adlanan terrorçuların mövcudluğu bizi narahat edir. Lakin ciddi narahatlığımıza baxmayaraq, heç bir tədbir görülmür. Bu gün həyata keçirilən əməliyyatın əsasında sarmaçarların genişmiqyaslı terror fəaliyyətlərinə hazırlanmasına dair ciddi kəşfiyayt mənbələri dayanır”.

Bildirilib ki, bu əməliyyat Pakistanın milli təhlükəsizliyini qorumağın təzahürüdür: "Bu olduqca mürəkkəb əməliyyatın uğurla həyata keçirilməsi həm də Pakistan Silahlı Qüvvələrinin peşəkarlığının göstəricisidir. Pakistan xalqının təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcək. Pakistan İranın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edir. Bugünkü əməliyyatın yeganə məqsədi Pakistanın öz təhlükəsizliyini qoruması idi”.

Qeyd edək ki, yanvarın 15-16-sına keçən gecə İran İslam Keşikçiləri Korpusunun (Sepah) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə endirdiyi aviazərbələr nəticəsində 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Tehranın iddiasına əsasən, Sepah "Ceyş əl-Ədl” qruplaşmasının qərargahlarını vurub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->