Avropa liderləri və ABŞ rəsmiləri, istənilən sülh sazişinin dayanıqlığını təmin etmək üçün Amerika qoşunlarının Ukrayna ərazisində olması imkanını da əhatə edən təhlükəsizlik zəmanətləri haqqında sazişi yekunlaşdırmağa çalışırlar.
Qaynarinfo xəbər verir ki, "Bloomberg”in mənbələrə istinadən yaydığı məlumata görə, çərşənbə akşamı Parisdə keçiriləcək danışıqlar Vaşinqtonun bu yaxınlarda təklif etdiyi imkanların "İstəklilər Koalisiyası" tərəfindən hazırlanmış planlara necə inteqrasiya olunacağına
yönələcək.
Görüşə Fransa Prezidenti Emmanuel Makron ev sahibliyi edəcək. ABŞ-ı Prezident Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşner təmsil edəcək. Görüşdə həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer, digər Avropa liderləri, NATO-nun Baş katibi Mark Rütte və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç iştirak edəcək.
Rusiya ilə sülh sazişi imzalanacağı təqdirdə Amerika qoşunlarının hansı rolu oynayacağı və harada yerləşdiriləcəyi hələlik qeyri-müəyyəndir. Avropa ölkələri çoxmillətli "təminat qüvvələri"nin yerləşdirilməsini müzakirə ediblər ki, burada Ukrayna ordusu cəbhə xəttində müdafiəyə rəhbərlik edəcək:
"Mənbələrin bildirdiyinə görə, ABŞ həmçinin kəşfiyyat məlumatlarının verilməsi də daxil olmaqla, atəşkəsə nəzarətdə kömək etməyə hazırdır. Pozuntuları aşkar etmək üçün pilotsuz təyyarələr və peyklərdən istifadə olunacaq".
Avropalı rəsmilər amerikalı həmkarları ilə apardıqları son müzakirələrin müsbət keçdiyini və təklif olunan təhlükəsizlik zəmanətlərinin "yaxşı vəziyyətdə" olduğunu bildiriblər. Rəsmilərdən biri ABŞ-ın kəşfiyyat məlumatları və qoşun təminatı təklifini "dönüş nöqtəsi" adlandırıb.
Görüşlərin əsas məqsədi təhlükəsizlik zəmanətləri üzrə danışıqları yekunlaşdırmaqdır. Lakin Rusiya Prezidenti Vladimir Putinin bu təkliflərlə razılaşıb-razılaşmayacağı hələ də bəlli deyil. Mənbələrdən birinin bildirdiyinə görə, Ukraynanın müttəfiqləri ABŞ ilə təhlükəsizlik məsələlərində razılığa gəldikdən sonra Rusiyanın iştirakı üçün təzyiq göstərəcəklər.
Ukrayna Prezidenti Volodimir Zelenski "İstəklilər Koalisiyası"na üzv dövlətlərin milli təhlükəsizlik üzrə məsləhətçiləri ilə görüşündən sonra bildirib ki, müvafiq sənədlər üzərində işlərin yanvarın sonuna qədər başa çatdırılması gözlənilir.
Qeyd olunur ki, Donald Tramp Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti təklif etdiyi halda, Zelenski daha uzun müddət — 50 il üçün təkid edir.
Alpər
Şərhlər