Antarktidanın ən həssas nöqtələrindən biri sayılan Thwaites buzlağı səssiz, lakin dərin təhlükə ilə üz-üzədir.
Qaynarinfo xəbər verir ki, alimlər "Qiyamət buzlağı” kimi tanınan bu nəhəng buz kütləsinin son on il ərzində yüzlərlə dəfə sarsıldığını müəyyən ediblər. Aşağı tezlikli dalğalara malik olduqları üçün indiyədək radarların diqqətindən yayınan bu zəlzələlər buzlaqda qeyri-sabitliyin gözləniləndən qat-qat ciddi olduğunu göstərir.
Avstraliya Milli Universitetindən tədqiqatçı Than-Son Fam 2010–2023-cü illər arasında Antarktidada baş verən 360-dan çox buzlaq zəlzələsini üzə çıxarıb. Bu seysmik hadisələrin 245-i birbaşa Thwaites buzlağı ətrafında qeydə alınıb. İndiyədək bu sarsıntıların aşkarlanmamasının əsas səbəbi onların Qrenlandiyada müşahidə edilən oxşar hadisələrlə müqayisədə xeyli zəif olması idi. Fam qlobal detektor şəbəkələri əvəzinə Antarktidanın daxilində yerləşən seysmik stansiyalardan istifadə edərək bu gizli hərəkətliliyin xəritəsini çıxara bilib.
Buzlaq zəlzələləri adətən nəhəng buz kütlələrinin əsas gövdədən qoparaq aşması nəticəsində yaranır. Araşdırmaya görə Thwaitesdə müşahidə edilən sarsıntılar təkcə mövsümi temperatur dəyişiklikləri ilə bağlı deyil. Bu zəlzələlərin buzlağın dənizə doğru axan hissəsinin sürətləndiyi dövrlərlə paralel getməsi diqqət çəkir. Son otuz ildə Thwaitesdən okeana axan buzun həcmi iki dəfə artıb. Bu fakt sarsıntıların sadəcə nəticə deyil, eyni zamanda əriməni sürətləndirən mexanizmə çevrildiyini düşündürür.
Thwaites buzlağının tam çökməsi qlobal dəniz səviyyəsini təxminən 3 metr yüksəltmək potensialına malikdir. Bu isə sahilyanı şəhərlərin xəritədən silinməsi üçün kifayət qədər böyük göstəricidir. Tədqiqatda diqqət çəkən digər məqam Pine Island buzlağı yaxınlığında qeydə alınan sarsıntılar olub. Sahildən 60–70 kilometr daxildə baş verən bu hadisələrin səbəbi hələ də aydın deyil. Mütəxəssislər bu sarsıntıların mahiyyətini və buzlaqların parçalanma prosesinə təsirini anlamaq üçün bölgədə araşdırmaların dərinləşdirilməsinin vacibliyini vurğulayırlar.
Aydın
Şərhlər