Xəbər lenti

Pensiya yaşı artır: İşləməyən qadınların sosial təminatı necə həyata keçiriləcək?
Ekonomiks 14:20 19.12.2025

Pensiya yaşı artır: İşləməyən qadınların sosial təminatı necə həyata keçiriləcək?

Gələn ildən qadınların pensiya yaşı artırılır. Qərara əsasən, 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılaraq 64 yaş 6 aydan 65 yaşa çatdırılacaq. Bununla qadınların pensiya yaşının mərhələli şəkildə artırılması prosesi yekunlaşacaq və bundan sonra bu hədd 65 yaş səviyyəsində sabit qalacaq. Uzun müddətdir ki, qadınların pensiya yaşının azaldılması ilə bağlı müzakirələr aparılsa da, məsələ qanunvericilik səviyyəsində öz həllini tapmayıb.

Bəs heç bir yerdə işləməyən qadınların sosial təminatı necə həyata keçiriləcək?

İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, işləməyən qadınlar pensiya hüququ formalaşmadığı halda yaşa görə müavinət alırlar:

"Yaşa görə müavinət əmək pensiyası deyil, lakin sosial təminat mexanizmi kimi çıxış edir. Pensiya yaşının artırılması məsələsinə gəldikdə isə, problem təkcə yaş həddində deyil, sistemin özündədir".
 


Ekspertin sözlərinə görə, hazırda pensiya mexanizmi sığorta kapitalının 144 aya – yəni 12 ilə bölünməsi prinsipi üzərində qurulub:

"65 yaşında pensiyaya çıxan vətəndaşın sığorta kapitalı 144 aya bölünür və bu əsasda aylıq pensiya məbləği hesablanır. Bu mexanizm faktiki olaraq dövlətin pensiyaçıya 12 il müddətində ödəniş etməyi nəzərdə tutan modelidir. Nəzəri baxımdan bu təminat 77 yaşa qədər hesablanır”.

Akif Nəsirli hesab edir ki, problem bu hesablamanın ölkədəki orta ömür uzunluğu göstəriciləri ilə uyğun gəlməməsidir:

"Rəsmi statistikaya görə, Azərbaycanda kişilərin orta ömür uzunluğu 71, qadınların isə 75 yaş göstərilir. Orta hesabla bu rəqəm 74 yaş edir. BMT-nin hesablamalarında isə bu göstərici bir qədər aşağıdır. Hər iki halda, vətəndaş 65 yaşında pensiyaya çıxır, amma orta hesabla 74 yaşında vəfat edir. Bu isə o deməkdir ki, real olaraq pensiyaçı 12 il deyil, təxminən 9 il pensiya alır”.

Ekspert bu uyğunsuzluğu sosial baxımdan problemli hesab edir:

"Məsələ pensiya yaşının artırılıb-artırılmamasından daha çox, sistemin ədalətli qurulmamasıdır. Əgər pensiya kapitalı 12 il üçün hesablanırsa, vətəndaşın da orta hesabla bu müddəti yaşaması nəzərə alınmalıdır. Əks halda, mexanizm formal xarakter daşıyır”.

Akif Nəsirli qeyd edib ki, bu problemi aradan qaldırmaq üçün alternativ yanaşmalar müzakirə oluna bilər:

"Konseptual olaraq iki yol var: ya pensiya yaşı aşağı salınmalıdır, ya da sığorta kapitalı 12 ilə deyil, 8–9 ilə bölünməlidir. Bu halda pensiya məbləği artar və sistem real demoqrafik göstəricilərlə uyğunlaşar. Bundan başqa, əgər vətəndaş pensiya müddətini tam istifadə edə bilmirsə, istifadə olunmamış hissənin müəyyən hissəsinin ailə üzvlərinə və ya varislərinə ötürülməsi mexanizmi konseptual yanaşma kimi müzakirə oluna bilər. Hazırkı qanunvericilikdə belə mexanizm yoxdur, lakin sosial ədalət baxımından nəzərdən keçirilə bilər”.

Ekspert əlavə edib ki, hazırkı mexanizm vətəndaşların böyük hissəsinin pensiya təminatından tam istifadə etməsinə imkan vermir:

"Bir çox hallarda vətəndaş pensiya yaşına çatır, lakin qısa müddət sonra vəfat edir. Bu isə onu göstərir ki, pensiya sistemi yalnız riyazi deyil, həm də sosial reallıqlar nəzərə alınmaqla qurulmalıdır”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->