"People" 2025-ci ilin "ən seksual kişisi"ni elan etdi (VİDEO)
Britaniyalı aktyor Conatan Beyli 2025-ci ildə "People" jurnalı tərəfindən ilin "ən seksual kişisi” seçilib.
Qaynarinfo xəbər verir ki, 37 yaşlı aktyor "Bridgertonlar” və "Səyahətçilər” seriallarındakı rolları ilə tanınır.
"People" hər il həm ekranlarda, həm də ictimaiyyətin qəlbində iz buraxan məşhuru bu adla mükafatlandırır. Beyli çəkilişlər üçün özü qeyri-adi təklif irəli sürüb: Londona yaxın buz kimi soyuq dənizə girmək və sonra yun sviterə bürünərək iti Benson və bir qədəh qırmızı şərabla poz vermək.
Aktyor bildirib: "Bu, böyük bir şərəfdir. Həm inanılmaz dərəcədə xoşdur, həm də bir az absurd görünür".
"Netflix”in məşhur "Bridgertonlar” serialında lord Entoni obrazı ilə tanınan Beylinin karyerası məhz bu layihədən sonra sürətlə yüksəlib. O, daha sonra "Səyahətçilər” serialındakı rolu ilə "Emmi” mükafatına namizəd göstərilib, müğənni Ariana Qrandenin tərəf-müqabili kimi "Sehrbaz qadın” müziklində və "Yura dövrü dünyası: Dirçəliş” filmində də rol alıb.
Populyarlığına baxmayaraq, Beyli sadə və zarafatcıl münasibəti ilə tanınır. O, "ən seksual kişi” elan olunduğunu ilk olaraq yalnız itinə söylədiyini, dostlarından isə gizli saxladığını deyib.
Xatırladaq ki, "People” jurnalı ötən il bu titulu amerikalı aktyor, "Ofis” serialının ulduzu Con Krazinskəyə vermişdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər