Gülşən Mehdiyeva
Döngəni
dönməmişdən əvvəl gözə dəyən ilk şey yolun başlanğıcında piştaxtaya düzülmüş
qapqara iri üzümlər və onun qapqara geyinmiş, büzüşmüş, hərəkətsizlikdən soyuğu
daha yaxşı hiss etməmək üçün yerində dayanmadan dingildəyən sahibi idi. Əvvəlcə
ətrafındakı qırmızı, yaşıl, sarı, narıncı meyvələrin rəngini solğunlaşdıran,
adamın düz gözünün içinə baxan qara üzümlər, daha sonra isə onunla birlikdə
"qara bütöv”ü tamamlayırmış təəssüratı yaradan sahibi müvafiq olaraq "məni al”,
"üzümü al” deyirdilər. Üzümdən gözünü çəkən zaman diqqət avtomatik və ardıcıl
prosesin məntiqi davamı kimi "qara bütöv”ün digər hissəsinə sataşmaq və onun
baxışları ilə dediyini görmək üçün can atırdı. Amma prosesi saxlamaq, xüsusi səy
və qətiyyətlə baxışları satıcının hücumundan qorumaq məqsədilə yayındırmaq
mümkünsüz deyildi.
Bir
neçə ətir mağazasının qarşısında dayanmış ətirli kağızlar paylayan işçilər bir
addım geri, bir addım irəli ataraq, əllərini aşağı-yuxarı edərək kağızları səkidən
keçənlərə təklif eləyir, dayanmadan "Keçin baxın, 2-sini alana 1-i hədiyyə”
deyirdilər. Bəxtləri gətirəndə "Almasanız da, girin baxın” deyərək yaxasından
zorla yapışıb mağazaya saldıqları kimisə tapa bilirdilər. Səki boyu irəli-geri düzülmüş, müxtəlif məhsullarla doldurulmuş piştaxtalar isə ətir satmağa
çalışanların addımları ilə harmoniya yaradırdı.
Yazın
gəlişi təəssüratını yaradan parlaq günəşli havanın yaratdığı xoş təsiri soyuğun
üzü kəsməsi, nəfəs almağa mane olması və tikililərin damından adamın başına və
boynuna düşən buz kimi su damlaları məhv edirdi.
Rus və
qaraçı dilənçilərlə dolu bu yerin bir tərəfində soyuq asfalta çökmüş qaraçı
qadın azyaşlı qızın saçını düzəltməyə çalışırdı, sonra isə qəhvəyi, çirkli
saçları yuxarı dartaraq əsəbi şəkildə fırlatmağa, qız isə yerində dövrə vurmağa
başladı. Səsi aləmi bürüyən körpə çox az insanın diqqətini cəlb etdi, çünki digər
tərəfdən gələn əcaib uğultu bu naləni kəsdi. Təmir məqsədilə səkiyə qədər
hasarlanmış yolun kənarlarında ora-bura hərəkət edən pişiklər istədikləri oyunu
çıxarır və heç kim onlara mane olmurdu. Əlil arabasında olan qoca dilənmək məqsədilə
hasara söykənmiş vəziyyətdə qoyulmuş və hadisə bundan sonra baş vermişdi.
Tüklərinin qalınlığı, görünüşündəki toppuşluq boyunun uzanması ilə əlaqədar
yoxa çıxmağa yeni başlamış ağ-boz rəngli, iri qulaqlı, 3-4 aylıq pişik balası hasar boyunca əylənməklə
məşğul idi. Həyatı kəşf etməyə hələ yeni başlamış, hər şeyə maraq göstərən bu
canlı əlil arabasına qısılmış, köhnə və boz geyimli, qara papaqlı, qısa boylu,
uzun burunlu və uzun ağ saqqallı qocaya uzanmağa təzə başlamış qısa əlləri ilə
ilişməyə başladı. Boz gödəkçənin papağına dırmaşan pişik balası ayaqları ilə
axırıncı addımı ataraq gödəkçənin papağında özünə yer eləyib oturdu və bir neçə
saniyə ətrafa nəzər yetirdi. Bala oynamaq üçün dilənçinin başındakı qara papağa
hücum çəkdi və qocanın başını əlləri ilə qucaqladı, caynaqlarını, ağzını açdı
və əlil arabasının sahibinin səsi ətrafı bürüdü. Bədəninin idarəsini çoxdan
itirmiş bu şəxs özünü sağa doğru dartmaq, üzünü səslədiyi şəxsə doğru çevirmək
istəyirdi, lakin yalnız sağ istiqamətdə önə çıxan uzun çənəsindən tüpürcək
axa-axa yüksək səslə əksəriyyət üçün qeyri-müəyyən sözlər deyə bildi.
Yolun
qurtaracağında yan-yana kiçik addımlarla irəliləyən cüssəli şəxs və onun yarısı
boyda olan kişi səs-küyə geri boylanaraq reaksiya verdilər. Özü kimi iri
qəhvəyi rəngli palto, geniş qəhvəyi pencək-şalvar geyinmiş, böyük qəhvəyi rəngli
şərf taxmış şəxs yanındakı dar göy cins şalvarı əynindən düşürmüş təəssüratı
yaradan, saçları jeledən, əllərindəki saysız-hesabsız aksesuarlar günəşdən
parıldayan və rəqs edirmişcəsinə burcudaraq addımlayan kiçiyə yüksək səslə
müraciət etdi:
- Bilirsən
nə istəyirəm?
- ...
- Qəşəng
qaraçı qızı. Təşkil edə bilərsən mənimçün?
- Nöş
düzəltmirəm?! Doludu hər yer. Keçən dəfə gördüyün var idi e şəhərdə, yadındadı?
- Bilmirəm
ki.. Yadımdadı?
Kiçik
boylu kişi qadın ədası ilə əllərini yuxarı qaldıraraq ciyiltili, incə, şən əhval-ruhiyyədə
olduğu aydın hiss edilən səsi ilə dilləndi:
- Ədəə,
ölmədin ki.. Pişikdi dəə. Balacadı özü də. Oynayır özüyçün, heç nə eləməz..
Qocanın
səsi bu cavabdan sonra zəifləməyə və uzaqdan gələn uğultunu xatırlatmağa
başlamışdı ki, növbəti səs-küy aləmi bürüdü. Az əvvəl körpə qızı yerində döndürən
qadının qucağı meyvələrlə dolu idi. Bədəninin əsas hissəsini önə verən qadın
bir əli ilə koftasından düzəltdiyi "səbət”dəki meyvələri qucaqlayır, meyvələrin
arxasınca gəlmiş "qara bütöv”ün hissəsi olan satıcıya məhəl qoymadan digər əli
ilə meyvələri "qəhvəyi rəngli yekəpər"ə fırladır, əsəbdən eybəcərləşmiş ağzından
cürbəcür söyüşlər çıxırdı. Sürətlə parlaq günəş işığı altında havada fırlanıb
yerə düşən yaşıl, narıncı, qırmızı, sarı rəngli meyvələrin əksəriyyəti hədəfə dəymədən
yerə düşdü və diyirlənməyə başlayaraq səfərlərinə yerdə davam etdilər. Silahı
qurtaran qadın səsinin tonunu azaldaraq deyinə-deyinə əvvəlki yerinə keçdi və
körpə qızı əsəbi şəkildə özünə tərəf dartaraq qucağına qısdı. Sifətinin ifadəsi
əvvəlki normal vəziyyətinə qayıtmayan qaraçı nifrət dolu gözlərini "qəhvəyi rəngli”yə
zilləyib dodağının altında deyinirdi.
"Qəhvəyi
yekəpər” yanındakına:
- Bu
qaraçı qızları da dəlidi ee.
- Gicdi
dəə.
- Əşşii,
nə isə. Bunlardan uzaq durmaq lazımdı. Az qalırlar adamı öldürsünlər.
Piştaxta
sahibləri əlləri ciblərində aralarında danışa-danışa lağlağı edir, meyvələri
göstərərək qaraçı qadına müraciətlə, amma üzlərini ona tutmadan danışırdılar:
- Gəl
bunları da götür at, onsuz da alan yoxdu, bir işə yarayarlar.
Elə
bu vaxt yoldan ötənlərdən biri əlində ətirli kağızlar tutan hündürboy oğlanın
yaxasından əsəbi şəkildə tutub onu özünə çəkdi, bir neçə saniyə keçəndən sonra
oğlanı itələyərək zəif, amma qəzəbli səslə dilləndi:
- Almıram
da, rədd ol o tərəfə.
Pişik
isə qara papaq taxılmış başda oturmuşdu. Quyruğunu qocanın sifətinə sallayaraq əl-üzünü
yuyur, arada bir oynamaq üçün həvəs göstərməyə cəhd edir, lakin yavaş-yavaş
yuxu onu tuturdu. Bütün bu hadisələr baş verən zaman o, bədənini baş üstündə
rahatlayaraq mürgüləməyə hazırlaşırdı...
Qaynarinfo.Az
Şərhlər