"Attestasiyadan keçməyən müəllimlər bura şikayətə gəlmişdilər".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə çıxışı zamanı parlamentin Mədəniyyət komitəsinin sədri, deputat Polad Bülbüloğlu deyib.
"Biz burda millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə görünürdü ki, attestasiya düzgün nəticələr verir. Bu attestasiya 5-7 ildən bir keçirilməlidir. Orta təhsil hamıda olmalıdır, bu bəllidir. Amma mədəniyyətlə bağlı olanda, insanlıqdan başqa, istedad olmalıdır. İstedad da hər uşaqda olmur", deyə Polad Bülbüloğlu qeyd edib.
"İndi Azərbaycandan xaricə xüsusi təhsil almaq üçün gəncləri göndəririk. Təklif edirəm ki, 3-5 ildən sonra yaxşı mütəxəssis ola biləcək uşaqları rayonlardan da Bakıya oxumağa göndərsinlər. Elə sistem yaradılmalıdır ki, istedadlı gəncləri kəşf edə bilək. Qoy onlar gələcəkdə Azərbaycan mədəniyyətini təmsil etsinlər", deyə deputat əlavə edib.
Polad Bülbüloğlu maraqlı bir misalla fikrini yekunlaşdırıb:
"Bilirəm bu nə qədər çətin sahədir, insanlarla iş görülməlidir. Mənim atam həmişə zarafatla deyərdi ki, göydən bir daş açılıb, kim özünü bəyənmirsə, onun başına düşəcək. Əgər bu daş hələ heç kimin başına düşməyibsə, deməli hamı özündən razıdır".
Qafqaz Rafiqoğlu
Şərhlər