Azərbaycan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulub.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib.
Konvensiya 10 sentyabr 1998-ci ildə Niderlandın Rotterdam şəhərində imzalanıb.
Qeyd edək ki, Rotterdam Konvensiyası zərərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. Rotterdam Konvensiyası ölkələr arasında "əvvəlcədən məlumatlandırılmış razılıq" (Prior Informed Consent – PIC) prinsipi əsasında təhlükəli kimyəvi maddələrin ixracını və idxalını tənzimləyir. Yəni, hər hansı bir dövlətə zərərli kimyəvi maddə göndərilməzdən əvvəl həmin dövlət bu barədə əvvəlcədən məlumatlandırılır və razılıq verir və ya imtina edə bilir.
Prezident "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulmaq barədə 30 sentyabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam da imzalayıb.
Sərəncama əsasən, Konvensiyada nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.
Nazirlər Kabineti qanundan irəli gələn məsələləri həll etməli, Xarici İşlər Nazirliyi səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərməlidir.
Şərhlər