Xəbər lenti

Siyasət 22:25 25.08.2023

Prezident və birinci xanım Kəlbəcərlə Laçına səfər edib (YENİLƏNİB/FOTO)

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda "Həkəri Balıq Təsərrüfatı”nın açılışında iştirak ediblər.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma təsərrüfat barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Bunun üçün müəssisədə hər birinin uzunluğu 40, eni 3 metr olan açıq tipli 36 beton kanal yaradılıb.

Dövlətimizin başçısına və birinci xanıma nərə balığının yetişdirilməsi və kürünün əldə edilməsi prosesi barədə də məlumat verilib.

Diqqətə çatdırılıb ki, ana balıq kürünün formalaşmasından sonra cinslər üzrə məhsul əldə edilməsi üçün mövsümə uyğun olaraq martdan mayadək nohurlarda, bütün ilboyu isə şirin suyu olan qapalı su təchizatı qurğusunda saxlanılır. Balıqların cinsi təyin edildikdən sonra isə damazlıq sürü müəyyənləşdirilir. Sonrakı mərhələdə balıqların genetik pasportlaşdırılması və çipləşdirilməsi həyata keçirilir. Daha sonra balıq məhsullarının hazırlanması və emalı üçün erkək balıqların ayrılması, dişi balıqlardan kürü istehsalına başlanması prosesi aparılır. Sonda isə körpə balıqların buraxılması, kürü və balıq məhsullarının əldə edilməsi prosesi həyata keçirilir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur.

22.10
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Laçından olan sakinlərlə görüşüb qısa söhbət ediblər.

Kişi sakin: Anam 46 il burada müəllim işləyib. Biz anam tərəfdən böyük nəsil-kökük.

Mehriban xanım Əliyeva: Bura cənnətdir. Nə qəşəng qızdır.

Balaca qız: Gedək bizim evimizdə bir çay içək.

Prezident İlham Əliyev: Sağ ol, bala, çox sağ ol. Hələ çox gələcəyik. Sağ olun. Sizə cansağlığı və uğurlar.

Qadın sakin: Sağ olun.

Mehriban xanım Əliyeva: Sağ olun.

Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Qeyd edilib ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Prezidenti 2022-ci il sentyabrın 22-də Sərəncam imzalayıb. Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.

Həmçinin məlumat verilib ki, Azərbaycan Prezidentinin qeyd olunan Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb. Həmin məktəb binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti, kitabxananın yaradılması nəzərdə tutulur.
 
21.06

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olublar.

Qaynarinfo xəbər verir ki, "Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Prezident İlham Əliyev mebel fabrikini işə salıb.

Prefabrik modul evlərin istehsalı müəssisəsi ilə tanışlıq zamanı məlumat verildi ki, burada ildə 200 ev hazırlanacaq. Prefabrik evlərə qonaq, mətbəx, yataq otaqları və sanitar qovşaq daxildir. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub.

Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinə baxış zamanı qeyd olundu ki, burada qoyun kəsimi üçün beş, inək kəsimi üçün üç modul tipli avadanlıq quraşdırılıb. Müəssisənin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. İstehsal sahəsində kəsim, içalat təmizləmə, soyutma otağı, kiçik hissələrə ayırma, paketləmə konteynerləri yerləşdirilib. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq.

20.30
 
Avqustun 25-də Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Mehmanxana kompleksi 100 otaqlı hotel binasından və 10 kottecdən, eləcə də kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarət olacaq. Hotel binasında 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək.

Eyni zamanda, mehmanxanada açıq və qapalı hovuz, SPA mərkəzi, boulinq və əyləncə, uşaq əyləncə zonası, qapalı idman zalı, yoqa otağı və açıq havada çoxfunksiyalı meydançalar yaradılacaq. Bir sözlə, yüksək xidmətlərin göstəriləcəyi mehmanxana kompleksi müasir standartlar səviyyəsində inşa olunacaq.

Sonra Prezident İlham Əliyev kompleksin təməlini qoyub.

20.10
 
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Qaynarinfo xəbər verir ki, "AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlət başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verib.

Bildirilib ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin hamarlanması işləri davam etdirilir. Hazırda uçuş-enmə zolağının, yönəldici yolların, perronun tikiləcəyi ərazilərdə genişmiqyaslı torpaq işləri həyata keçirilir. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Terminal binasında bünövrənin beton işləri tam başa çatdırılıb, metal konstruksiyaların yığılması üzrə işlərin 95 faizi yerinə yetirilib. Terminalın dam örtüyü işlərinə başlanılıb. Hava limanının aeronaviqasiya qülləsi və köməkçi binalarında təməlqoyma işləri görülür.

Qeyd edilib ki, Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanı Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir.

20.05
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı Laçın rayonunda "AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin "Mişni” və "Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

"AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə "Ağbulaq”, 8,25 meqavat gücündə "Mişni” və 6 meqavat gücündə "Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda "Ağbulaq” Su Elektrik Stansiyasında artıq son tamamlama işləri aparılır. "Mişni” və "Alxaslı” Kiçik Su Elektrik stansiyalarında isə işlər başa çatdırılıb.

Qeyd olunub ki, "Mişni” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 7,2 kilometr uzunluğunda derivasiya boru xətti və maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün 25 meqavoltamper gücündə 110/10 kV-luq yarımstansiya tikilib, 18 kilometr uzunluğunda 110 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Bu yarımstansiya "Mişni” stansiyası ilə yanaşı, "Alxaslı” stansiyasında istehsal edilən elektrik enerjisinin ölkə enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş "Mişni” Kiçik Su Elektrik Stansiyasında il ərzində 23 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.

Bildirilib ki, "Alxaslı” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 4,3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün "Mişni” Su Elektrik Stansiyasında tikilmiş 110/10 kV-luq yarımstansiyaya 8 kilometr uzunluğunda 10 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş "Alxaslı” Su Elektrik Stansiyasında il ərzində 17 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.

Dövlətimizin başçısı "Mişni” və "Alxaslı” Kiçik Su Elektrik stansiyalarını işə salıb.

Qeyd edilib ki, "Ağbulaq”, "Alxaslı” və "Mişni” stansiyaları ilə yanaşı, bu günədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

Bildirilib ki, su elektrik stansiyalarında ekoloji normalar tam qorunur. Bütün layihələr icra edilərkən çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması məqsədilə xüsusi balıqkeçirici qurğular tikilib. Avropanın yaşıl sertifikatlı avadanlıqlarından istifadə etməklə çay ekosistemi, o cümlədən flora və fauna tam qorunur, çayların məcralarında ekoloji axımdan iki dəfə artıq miqdarda su saxlanılmaqla, aşağı axım zonasının su təminatı, eyni zamanda, məcraaltı su ehtiyatının formalaşması təmin edilib. Bununla yanaşı, bu işlər görülərkən meşələrin qırılmasına, qayaların dağıdılmasına yol verilməyib, çay məcralarında hidromorfoloji dəyişikliklər edilməyib. Derivasiya boru xətləri çəkilən zaman beynəlxalq təcrübəyə uyğun xüsusi konstruksiyalardan istifadə edilməklə ətraf mühitə təsirlər minimallaşdırılıb. Su elektrik stansiyalarının karbon emissiyasının azaldılmasında rolunu təsdiqləmək üçün beynəlxalq sertifikat əldə edilməsi istiqamətində iş aparılır.

Bu layihələrin sosial-iqtisadi əhəmiyyəti barədə məlumat verilərkən qeyd olundu ki, işğaldan azad edilən ərazilərdə 2021-2023-cü illərdə "AzərEnerji” ASC-nin icra etdiyi layihələr üzrə 3965 işçinin 2570-i yerli sakinlər olub. Daimi iş yerləri ilə təmin edilmiş 197 nəfərin 170-ni Qarabağ və Şərqi Zəngəzur regionundan olan əhali təşkil edir. "AzərEnerji” ASC yerli sakinlərin işlə təminatı üçün tikinti-quraşdırma işlərinə paralel olaraq peşə hazırlığı kursları da təşkil edir. Bu təşəbbüs regionda yeni energetika obyektlərinin tikintisi və istismarında yerli sakinlərin məşğulluğu üçün gələcəkdə də davam etdiriləcək. Bütün elektroenergetika obyektlərində çalışan işçilərin məişət şəraitinin yaxşılaşdırılması üçün mühəndis-yataqxana kompleksləri yaradılıb.
 
19.35

Avqustun 25-də Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək.

Prezident İlham Əliyev Zar kəndinin təməlini qoyub.

Qeyd olunub ki, Zar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji”dən istifadə olunacaq. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Sonra xatirə şəkilləri çəkdirilib.

19.09
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Kəlbəcər rayonunda "AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin "Çıraq-1” və "Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısına stansiyalarda görülən işlər barədə məlumat verilib.

Bildirildi ki, Kəlbəcər rayonunun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə "Çıraq-1” və Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə "Çıraq-2” Kiçik Su Elektrik stansiyaları "AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub.

Qeyd edək ki, 2022-ci ilin iyununda Prezident İlham Əliyevin tikinti işlərinin gedişinə baxış keçirdiyi bu elektrik stansiyaları ən müasir avadanlıqla təchiz olunub. Ərazidə iqlim və relyefin sərt olmağına baxmayaraq, tikinti işləri cədvəldən əvvəl başa çatdırılıb.

Burada çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları subasardan hündür hissədə quraşdırılıb. Həmçinin sel suları nəzərə alınaraq 1750 metr mütləq yüksəklikdə yerləşən idarəolunan baş suqəbuledici qurğu tikilib, eləcə də 7 kilometr uzunluğunda derivasiya boruları yenidən çəkilib.

"Çıraq-1” və "Çıraq-2” stansiyalarının hər biri üçün maşın zalı tikilib, Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir ekoturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. "Çıraq-1” Kiçik Su Elektrik Stansiyasının ərazisində yeni 110 kV-luq açıq paylayıcı qurğu inşa edilib. 35 kilometr uzunluğunda 35 kV-luq "İstisu” elektrik verilişi xətti yenidən qurularaq yeni yarımstansiyaya qoşulub, optik kabel xətti çəkilib. Bu yarımstansiya "Çıraq-1”, "Çıraq-2” və "Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin ölkənin enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Eynilə 3,6 meqavat gücündə "Çıraq-2” Su Elektrik Stansiyasının da baş suqəbuledici qurğu, 3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada bir ədəd Avropa istehsalı olan yaşıl sertifikatlı müasir ekoturbin, generator, idarəetmə və avtomatika panelləri quraşdırılıb. "Çıraq-1” və "Çıraq-2” stansiyaları enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Hər iki stansiyada ümumilikdə il ərzində 35 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaq.

Prezident İlham Əliyev "Çıraq-1” və "Çıraq-2” Kiçik Su Elektrik stansiyalarını işə salıb.

Qeyd edilib ki, "Çıraq-1”, "Çıraq-2” və "Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarından əlavə, bu günə kimi Kəlbəcər rayonunda 4,4 meqavat gücündə "Kəlbəcər-1”, 6,3 meqavat gücündə "Qamışlı” və 3,4 meqavat gücündə "Meydan” Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq.

18.56
 
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda "İstisu” mineral sudoldurma zavodunun tikintisi və "İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Kəlbəcər "İstisu” mineral sudoldurma zavodu 1981-ci ildə inşa edilib. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırıb. Yeni tikiləcək "İstisu” zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. Müəssisədə ikinövbəli əsasda təxminən 100 nəfər işlə təmin olunacaq. Zavodda Almaniya şirkəti tərəfindən təchiz olunan şüşə və plastik qablaşdırma istehsal xətləri fəaliyyət göstərəcək. Şüşə dolum xəttinin nominal gücü saatda 16 min, plastik dolum xəttinin nominal gücü isə saatda 8 min ədəd təşkil edəcək. Aylıq istehsal gücü isə 8 milyon ədədə yaxın olacaq.

"İstisu” Müalicə-İstirahət Kompleksinin layihəsi barədə məlumat verilərkən bildirilib ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.

Bərpa ediləcək "İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.

Kompleksdəki SPA Mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.

Qeyd olunub ki, "Aşağı İstisu” mənbəyindən alman mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi həyata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən, İstisu təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir. Bu isə mədə-bağırsaq traktının funksional pozğunluqlarının müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının, ortostatik tənzimləmə pozğunluqlarının, sidik yollarında infeksiyaların müalicəsi, kalsium oksalat, sistin və sidik turşusu daşlarının profilaktikası və metafilaksisi, uşaqlarda və yeniyetmələrdə diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsir baxımından çox faydalıdır.

18.40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər çərçivəsində "AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan "Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

Qaynarinfo xəbər verir ki, "AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya stansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Kəlbəcər rayonunun ərazisindən keçən bol sulu Tərtər çayı üzərində yerləşən "Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası "AzərEnerji” tərəfindən tamamilə yenidən qurulub. Ərazini tərk edən düşmən tərəfindən tamamilə dağıdılan bu stansiyada bütün avadanlıq və yararlı hissələr sökülərək daşınıb, daşınması mümkün olmayan hissələr isə məhv edilib. İşğaldan azad edilən ərazilərin "yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əsasən "AzərEnerji” tərəfindən su elektrik stansiyasının baş suqəbuledici qurğusu, 6 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı, iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün uzunluğu 6 kilometr olan 6 kV-luq kabel xətti çəkilib və eyni zamanda, optik kabel xətti ilə də əlaqələndirilib. Ərazidə fors-major hallar üçün ehtiyat dizel generatoru da quraşdırılıb.

Dövlət başçısı "Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasını işə salıb.

Qeyd edilib ki, "Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Stansiyada il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

16.35
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev "AzərEnerji” ASC-nin "Mişni” və "Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Dövlətimizin başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, "Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və "Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.

13.14
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı və birinci xanım "AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin "Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, "İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.

Dövlət başçısı "AzərEnerji” ASC-nin "Çıraq-1” və "Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->