Xəbər lenti

Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izlədi (YENİLƏNİB)
Foto 16:06 16.09.2025

Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izlədi (YENİLƏNİB)

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı qarşılayıb.

Füzuli Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilib.
 
***
 
Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan avtomobillə Füzuli şəhərini gəziblər.

Sonra dövlət başçıları Şuşaya gedərkən Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.

***
 
Sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verib. Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunublar.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Daha sonra İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə təkbətək görüşü olub.
 
***

Sentyabrın 16-da Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü olub.

Sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub.

***
 
Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinə baxıblar.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə ermənilərin işğal zamanı bu heykəlləri Ermənistana apararaq orada əritmək istədikləri barədə məlumat verilib. Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi nəticəsində bu heykəllər Ermənistandan alınaraq ölkəmizə gətirilib. Bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllər Şuşa işğaldan azad olunduqdan sonra öz əvvəlki yerlərinə qaytarılıb.
 
***
 
Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Milli Xalça Muzeyinin Şuşa filialında olublar.

Ali qonağa filialın fəaliyyəti barədə məlumat verildi.

Bildirildi ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı.

İşğal dövründə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi. İndi burada vaxtilə təxliyə olunmuş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Muzeydə ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə həyata keçirilən işlər barədə məlumat verdi.

Qeyd edək ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan bu məscid tarixi şəhər olan Şuşada modern memarlıq nümunəsi kimi seçiləcək. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, məscidin forması 8 rəqəmini əks etdirəcək ki, bu da Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzi kimi məscidin iki minarəsi 11 rəqəmi formasında olacaq. Şəhərin yuxarı hissəsində inşa olunan bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.

***

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər.

***
 
Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşa qalasının önündə foto çəkdiriblər.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->