Xəbər lenti

Sənət 16:26 01.09.2025

"Prodakşnlar min hoqqadan çıxır" - Xalq artisti üsyan etdi

"Nə qədər ki, kinostudiya bu vəziyyətdədir, heç bir kino çəkilişi və sənətdən söhbət gedə bilməz. Bu boyda kinostudiya başlı-başına qalıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Aktyor kino şirkətlərinin min hoqqadan çıxdığını və ancaq öz mənafelərini düşündüklərini xatırladıb:

"Kənardakı prodakşnlar min hoqqadan çıxır. Özfəaliyyət səviyyəli prodakşnların sayı artmaqdadır, hərə birini açıb. Ən dəhşətlisi isə odur ki, onların hər birinə şərait yaradırlar. Mənasız filmlər çəkilir və böyük-böyük pullar havaya sovrulur. Yeni mövsümə az qalsa da, kino ilə bağlı hələ də müsbət qərar yoxdur. Bu gün hamı şəxsi maraqlara xidmət edir. Xalq, dövlət haqqında fikirləşmirlər, hər kəs özü haqqında düşünür. Mən məmurları, əlində imkan olan şəxsləri deyirəm. Hərənin əlinə bir obyekt keçən kimi orada hakim olur, kor atı minib köndələn çapır. İşi bilənə tapşırarlar".

Əbdül Mahmudbəyov hesab edir ki, kino milli-mənəvi dəyərdir, sərhəd tanımayan sənət sahəsidir:

"Bu sahəyə bu səviyyədə düşünən qeyrətli, şəxsi marağını ikinci plana çəkə bilən rəhbərlər lazımdır. Kimin əlinə fürsət düşür, istifadə etməyə başlayır. Kompleks şəkildə qəlbdən, milli-mənəvi dəyərlərdən gələn ruh yoxdur, hər kəs öz əlinə oynayır. Qaçdı-tutdu ilə iş görmək olmaz. Kinostudiya və kino kompleks şəkildə həll edilməlidir, özü də birinci şəxs səviyyəsində. Kino şəxsən ölkə başıcının nəzarətində olmalıdır. İş görmək lazımdır".

Şeyx Əbdül Mahmudbəyov kino ilə bağlı konkret proqramların təsdiq olunmasının vacibliyini vurğulayıb:

"Bu işi bilən və məsuliyyətli adamlar işə təyin olunmalıdır. Təsəvvür edin ki, məni aparıb qoyublar kosmonovatlara rəhbər, onlara nə öyrədə bilərəm? Gülməlidir. Kino ideoloji təbliğat vasitəsi kimi nəzarətdə olmalıdır. Kino həm də böyük salnamədir, tarixdir. O yerdə ki millətin taleyi həll olunur, tarix yazılır, bu mütləq birinci şəxsin nəzarətində olmalıdır. Sərəncam verilir, təyinat olur, gəlirsən yanına, bəlli olur ki, o da kimdənsə asılıdır, hər şeyi həll edə bilməz".

Xalq artisti kinonun əsas problemini də açıqlayıb:

"Ən böyük dərd odur ki, bu gün kinonu kinoya aidiyyəti olmayanlar təmsil edir. Bir ittifaq orada açılıb, kinoya aidiyyatı olmayanlar dövlət büdcəsindən yeyib kef edirlər, bir prodakşn da burada açıblar, hərə əlinə bir senari alıb ARKA-ın üstünə gəlir. Mən həmin qurumun bədii şurasının üzvüyəm. Bilirsiniz, orada nə qədər "bezdarnı” senariləri geri qaytarmışıq? Nə qədər imkansız, səviyyəsiz rejissorlarla baş ağrıtmaq olar? Çünki kino peşəkar səviyyədə idarə olunmalıdır. Bu gün Azərbaycanda 30-dan çox kino çəkən qrup var. Hamısının da öz oyunu və maxinasiyası və ən başlıcası, qeyri-peşəkar səviyyələri. Baxırsan adamın ürəyi ağrıyır".

Xalq artisti filmlərin telefonla çəkildiyini də deyib:

"Görün, kino nə günə qalıb. Telefonla çəkilən kino hara kimi gedər, kim baxar ona".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->