Dünya 11:02 17.01.2023

Putinin yeni “qaz ittifaqı” oyunu: Qazax və özbək qaz nəqli sistemlərini ələ keçirilməsi...

Rusiya "qaz ittifaqı” bəhanəsi ilə Qazaxıstan və Özbəkistanın qaz nəqli sistemlərini ələ keçirməyə çalışıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Gazeta.uz” bir sıra mənbələrə istinadən yazır.

Onların sözlərinə görə, ilkin olaraq Moskva öz qazını "Mərkəzi Asiya-Mərkəz” boru kəməri ilə Qazaxıstan ərazisindən tədarük etməyi təklif edib. 

"Rusiya tərəfinin əsas şərti Özbəkistanın qaz nəqli sisteminin bazar dəyəri ilə "Qazprom”un mülkiyyətinə keçməsi idi. Oxşar tələbləri bu cür şərtlərlə razılaşmayan "Kazakqaz” Milli şirkətinə də irəli sürüb”, deyə qəzet qeyd edir.

Mənbələr bildirirlər ki, bununla yanaşı, Rusiya "Çinə qaz ixrac etmək hüququndan imtina etməyi”, yəni Özbəkistanın "UzGazTrade” şirkəti əvəzinə "Qazprom”un müqaviləyə tərəf olması tələbini irəli sürüb. Özbəkistan dekabrda bu şərtlərin hər ikisini ikitərəfli danışıqlar nəticəsində "aradan qaldırmağa müvəffəq olub”.

Eyni zamanda, ölkələr qaz tədarükünün texniki mümkünlüyünü qiymətləndirmək üçün əlavə görüşlərin keçirilməsi barədə razılığa gəliblər. Bununla belə, həmsöhbətlər bunu mümkünsüz hesab edirlər, çünki zəruri işlərin miqyası əhəmiyyətli maliyyə vəsaiti tələb edir.

"Qaz ittifaqı” yaratmaq təklifi Ukraynadakı müharibəyə görə Avropa bazarını itirdikdən sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. İdeya keçmiş SSRİ-nin Orta Asiya respublikalarının ərazisi vasitəsilə Çinə Rusiya qazının nəqlini artırmaqdan ibarət idi. Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya Mərkəzi Asiya ölkələri ilə ittifaqda "böyük imkanlar” görür, çünki ölkəsinin, Qazaxıstan və Özbəkistan "faktiki olaraq sovet dövründən vahid qaz nəqli sisteminə malikdir”.

Lakin nə Astana, nə də Daşkənd bu təklifi dəstəkləyib. Qazaxıstan hakimiyyəti layihədə "sanksiya riskləri” və Qərb məhdudiyyətlərindən yan keçmək üçün ölkə ərazisindən istifadə cəhdlərini görüb. Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov açıq mətnlə Rusiyanın "qaz ittifaqı” müqabilində bir sıra "siyasi şərtlər” qoyduğunu bəyan edib və respublikanın bununla "heç vaxt razılaşmayacağını” qeyd edib. Nazirin sözlərinə görə, Özbəkistan yanacağı yalnız sərfəli qiymətlərlə və müqavilə şərtləri ilə alacaq.

Bundan sonra Kreml Moskvanın potensial tərəfdaşlarını manipulyasiya etməyə çalışdığını tez inkar edib. Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, ittifaq siyasi şərtlər müqabilində qaz tədarükünü nəzərdə tutmur - söhbət hər üç dövlətin kommersiya maraqlarına uyğun hərəkətlərin əlaqələndirilməsindən gedir.

Nizami Bağırov